Ədəbiyyat-Az.Com xəbər verir ki, iyun 7-də Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyində “Yeni Tatar Şeiri Antalogiyası” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Nümayəndəliyin əməkdaşları, tərcüməçi müəlliflər, həmin kitabda şeirləri yer almış Filologiya üzrə fəlsəfə doktoru, şair Lenar Şeyx də iştirak edib.
Kitab tatar xalqının görkəmli oğlu, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üzü görüb.
Nəşrin məsləhətçiləri AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin sədri Rafis Qurban və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqalarıdır. Sözügedən kitabdakı şeirlərdən bir neçəsini tərcümə etmək də İsmayıllıda yaşayan şair Şahməmməd Dalaroğluna nəsib olub.
Kitabda azərbaycanlı oxucuya Tatarıstanın 23 istedadlı gənc şairinin şeiri təqdim olunub. Təqdimat öncəsi Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyinin rəhbəri Alfred Zakirov, Dünya Gənc Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və Lenar Şeyx çıxış ediblər. Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrindən, bu gün görülən və gələcəkdə görülməsi arzu olunan işlərdən danışıblar.
Təqdimatda tərcüməçi müəlliflərə “Yeni Tatar Şeiri Antalogiyası” kitabları və fəxri fərmanlar təqdim olunub.
Mərasimə qatılan tərcüməçilər, layihənin icraçılarına, antologiyanın ərsəyə gəlməsində zəhməti olanlara, xüsusən də Tatarstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində çalışanlara bu münasibətlə təşkil etdikləri təqdimat və mükafatlandırma mərasiminə görə təşəkkür ediblər.
Elnarə GENƏŞ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri