mm

Könlümü titrədən həsrət yelidir,
Görüş yerindəyəm, gələcəkmisən?
Gecənin yuxusu səksəkəlidir,
Qəlbimin nigaran döyüntüsündən.

Ümidim göylərdən asılı qalıb,-
Demişdin: Gələcəm ay doğan kimi.
Bu salxım söyüd də küsülü qalıb,
Darıxır mən sənsiz darıxan kimi.

Söykənib könlümün kövrəkliyinə,
Məcnun bülbüllərin açılıb dərdi.
Həyandır gecənin bu təkliyinə,
Bülbülün naləsi, mənim həsrətim.

Ulduzlar min illik karvan yoludur,
Bəlkə də min ildir gətirir səni.
Yarıb neçə-neçə qara bukudu,
Ay gəlib görüşə ötürür səni.

İndicə gələrsən, gözləyirəm mən,
Kainat boydadır sinəmdə ürək.
Gəl, ayla qoşa gəl, günəşlə gedək,
Bu bülbül naləli tənha gecədən.