mm

(Gənc həmvətənlərimə)

Sən hələ dünyadan umacaqlısan,
Həyat sənin üçün təzədən təzə.
Tükənməz eşqinlə elə bağlısan,
Cavansan, bənzəyir ömrün dənizə.

Baxdığın məhəbbət kinolarıtək,
Günləri bənzərsiz görürsən hələ.
Şahmat taxtasının xanalarıtək,
Yolların hər yerdən çıxır sahilə.

Səninçün keçmiş yox, xoş gələcək var,
Yeganə xatirən dünənki görüş.
Səni zirvələrə aparan yollar,
Əqidə ölçündür, əbədi yürüş.

Hazırsan dünyanı qucaqlamağa,
Yeddi rəngə çalan göy qurşağıtək.
Nə qədər “dost”un var bel bağlamağa,
Hamısı “sınanmış”, “dostluğu gerçək”.

Gözündə qorxu yox, ürəyində kin,
İnamın şimşəyi susdura bilər.
Görkəmində qürur, sözündə təmkin,
Qorxuda bilərmi səni tənələr?

Sonsuz arzuların qanadındasan,
Yaşıl işıqlardır yolunda yanan.
Hələ həqiqətlər inadındasan,
Sıni öz toruna salmayıb yalan.

Sabaha inamla baxan gözlərin,
Heç kəsin yanında kölgəli deyil.
Qırar damarını addımın yerin,
Sözlərin yübaşlı “bəlkə”li deyil.

Açıq söylədikcə düşündüyünü,
Sənə sadəlövh tək baxır çoxları.
Kələfin ucuna düşən düyünü,
Hələ öz xeyrinə sıxır çoxları.

Ehtiyat öyrədir adama həyat,
Öyrəndin, qorxuya qul oldun, demək.
Lazım gələn yerdə səsini qıssan,
Cəsarət dərsindən qovuldun, demək.

Zamanın dəyirman daşını saxla,
Dola gur çayları bilələrinə.
Söykən el gücünə, Kür kimi çağla,
Qoy Vətən söykənsin kürəklərinə.

Hazır ol keçməyə çətin yolları,
Hazır ol hər əmrə əsgər kimi sən.
Ayağa qaldırıb mərd oğulları,
Bir gün imtahana çəkəcək Vətən.

Qoru o gün üçün, qoru gücünü.
Qoru məsləkini son güllə kimi.
Yurdumuz min ildir alır dincini,
Parla gözlərində bir şölə kimi.