Hacı Cəfər həkim Quliyevlə bağlı yayılan yanlış, araşdırılmamış söz-söhbətdən anladım ki, deyəsən bu münasibətdə olanlar ali dərəcəli cərrah, özü-öz üzərində cərrahiyyə əməliyyatı aparan (dünyada1-2 belə nümunə var), bu günə qədər minlərlə təmənnasız cərrahi müdaxilələr edən, minlərlə insanı yenidən həyata qaytaran, minlərlə insanın ümid və pənah yeri olan bu dəyərli insan haqqında yetərincə məlumatlı deyillər. Ona görə də bu müdrik insanın siqaretin zərərlərindən bəhs edən “Tüstü də var ocaq söndürür” kitabına yazdığım ön sözü dəyərli oxuculara təqdim edirəm.
Məsləkdaşlarıma da üz tutub deyirəm: hər hansı bir informasiyanı yayarkən, diqqətlə araşdırın, həqiqəti axtarıb tapın, vicdanınızin səsinə qulaq asın, yüngül reytinq dalınca qaçmayın.
Giriş
Bir neçə il bundan əvvəlin söhbətidir. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük dostu və cəfakeşi, minlərlə insana yenidən həyata qayıtmağın sevincini bəxş etmiş, tanınmış həkim-cərrah Hacı Cəfər Quliyevlə söhbət əsnasında dedi ki, bacıoğlu, mənim «Tüstü də var ocaq söndürür» kitabımı nə zaman çapa hazırlayırıq? Dedim ki, Hacı, nə zaman uyğun görsəniz, mən hazır. Qeyd edim ki, Hacı Cəfər həkimlə bizim bu qəbildən bir neçə iş birliyimiz olub. Hər biri də çox uğurlu alınıb və oxucular tərəfindən sevilən kitablardan olub. Bu sıraya Azərbaycan poeziyasının sönməz günəşi, ustad şairimiz Məmməd Araza həsr olunmuş «Haqqın var yaşamağa» və «Bu da belə bir ömürdü»… kitablarını, görkəmli akademik, dünya şöhrətli rentgenoloq-alim Rəhim Rəhimova həsr olunmuş «Ordubaddan doğan günəş» (I və II nəşrlər) və Sumqayıt səhiyyəsinin bünövrəsini qoyanlardan biri, Sumqayıtda və onun hüdudlarından kənarda hamının tanıdığı mərhum həkim-cərrah İzzət Sadıxova həsr olunmuş «Burdan bir loğman köçdü» kitablarını daxil etmək olar….
Hamının maraq dairəsində olan kitab
Açığını deyim ki, «Tüstü də var ocaq söndürür» kitabının çapa hazırlanmasını mən də səbirsizliklə gözləyirdim. Çünki bu kitab bəşəriyyət üçün qarşısıalınmaz bəlaya, milyonlarla insana fəlakət gətirən faciəyə çevrilmiş, bütün pis əməl və vərdişlərin nüvəsi sayılan siqaretə və bu bəladan qurtuluş yollarının göstərilməsinə həsr olunmuşdu. Kitabın adını ən uğurlu tapıntılardan biri kimi dəyərləndirirəm: «Tüstü də var ocaq söndürür». Normalda biz tüstünün ardınca ocağın bir az da gur yanacağının şahidi olmuşuq, ancaq bu tüstü o tüstülərdən deyil. Bu tüstü hər il dünyada milyonlarla ocağı söndürür, milyonlarla ananı balaya, bacını qardaşa, gəlini ömür-gün yoldaşına həsrət qoyur. Bu elə bir tüstüdür ki, insanı cəmiyyətdən tamamilə təcrid etmirsə də, ətrafındakılar arasında arzuolunmaz şəxsə çevirir.
Bir haşiyə
Hacı Cəfər həkim hələ sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda Sumqayıtdakı mövcud ekoloji faciə ilə bağlı müxtəlif nüfuzlu mətbu orqanlarda silsilə məqalələr dərc etdirmiş, Sumqayıtın harayını bütün dünyaya yaymış, zəhərli kimya zavodlarının Sumqayıta o dövrdə SSRİ kimya naziri, milliyyətcə erməni Kostantov tərəfindən planlı şəkildə bilərəkdən zəhərli kimya zavodları Azərbaycana yönəldilmişdi. Bununla da o Azərbaycan xalqına qarşı kimyəvi genosid siyasəti yeritmişdi. Buna etiraz əlaməti olaraq o zaman Hacı Cəfər həkim “Gənclik” jurnalında “Cəhənnəm” adlı geniş məqalə ilə çıxış etmiş və bu məqalədəki tutarlı faktlar “Azadlıq” radiosunun əməkdaşı Mirzə Xəzər tərəfindən 3 gün dalbadal bütün dünyaya bəyan edilmişdi. Mən deyərdim ki, bu gün Sumqayıtdakı zəhərli və zərərli sənaye müəssisələrinin bağlanmasında, Sumqayıtın nəinki Azərbaycanın, eyni zamanda regionun ən gözəl və ekoloji cəhətdən təmiz şəhərlərindən birinə çevrilməsində, mən deyərdim ki, Hacı Cəfər həkimin həyəcan təbilinin də özünəməxsus rolu və payı olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, illər yormuş həkim-cərrah Hacı Cəfər Quliyev yarım əsrdan artıq bir müddətdə şəfalı əlləri və cərrah bıçağı ilə minlərlə insana həyat bəxş etmişdir. Çox ürəkaçan və qürurverici haldır ki, həkim-loğman, şəfalı əlləri ilə bərabər müdrik məsləhətləri, orta və ali məktəblərdə, müxtəlif idarə və müəssisələrdə siqaretin törətdiyi fəsadlarla bağlı təbliğat və təşviqat kampaniyaları ilə minlərlə insanın bu bəladan uzaq durmasına nail olmaqla təmənnasız onları ölümün caynağından çəkib qurtarmış və saysız-hesabsız ailələrə sevinc bəxş etmişdir.
Mənə həvalə olunmuş missiya
Hacı Cəfər həkim Məşədi Əsəd oğlu Quliyevin “Tüstü də var ocaq söndürür” kitabının redaktoru olduğundan və ön söz yazmaq mənə həvalə olunduğundan, kitabı bir neçə dəfə oxumalı oldum. Açığını deyim ki, kitab o qədər diqqətimi çəkmişdi ki, hər oxunuşda yeni və maraqlı nələrsə tapırdım özümçün. Kitabı vərəqləyən hər bir oxucu görəcək ki, bu kitab adi publisistik kitab deyildir. Bu kitabı siqaret haqqında indiyə qədər yazılmışların məcmusu da adlandırmaq olar. Çünki bu kitabda siqaretin yaranma və dünya ölkələrinə yayılma tarixi haqqında müfəssəl məlumat, siqaretin tərkibində olan 4 minə yaxın yaxın zəhərli kimyəvi maddənin tərkibi və törətdiyi fəsadlar haqqında geniş elmi izahat verilir. Həmçinin il ərzində siqaretin yaratdığı bu və ya digər xəstəliklərdən ölənlərin statistikası aparılır, tütün və tütün məmulatlarının dünya ölkələrinə və xalqlarına bəxş etdiyi bədbəxtliklərin, fəlakətlərin mənzərəsi göz önündə canlandırılır və bu müthiş bəladan qurtulmağın yolları tövsiyə şəklində oxucuların nəzərinə çatdırılır.
Bu məsələdə ömrünün 50 ildən artığını təbabət elminə həsr edən, insanların yenidən həyata qayıtmaları üçün gecəsini gündüzünə qatan Hacı Cəfər həkim Quliyevin uzun müddətli tarixi və elmi araşdırmaları köməyinə çatmışdır. Kitabın dili aydın və rəvandır. Ona görə də yorucu deyil. Oxucu kitabı bir nəfəsə oxuyub başa çatdırmaq istəyir. Kitabda çoxlu tutarlı faktlara istinad edildiyindən, həmçinin olmuş hadisələrdən ibarət hekayətlərə yer ayrıldığından həmişə maraq dairəsində olur. Müəllif siqaret çəkmənin bəşəri bir bəla olduğunu, hər il bu bəladan milyonlarla insanın dünyasını dəyişdiyini, minlərlə körpənin bu bəlanın törətdiyi fəsadlar nəticəsində şikəst dünyaya gəldiyini ön plana çəkir, siqaret çəkənlərin özləri ilə bərabər ailə üzvlərini də, ətrafındakı insanları da bu şeytan əməlinin bəlasına mübtəla etdiklərini vurğulayır.
Kitabda Azərbaycanda tütünçülüyün bölgələr üzrə inkişafına xüsusi diqqət çəkilmiş, bu inkişaf kitabda yer almış statistik göstəricilərdə öz əksini tapmışdır.
1985-1995-ci illər ərzində Bakının və respublikamızın digər iri şəhərlərinin küçələrini bəzəyən allı-güllü reklamlara xüsusi münasibət bildirən və hələ o illərdə çəkdirdiyi bu reklam lövhələrinin şəkillərini də kitaba daxil edən müəllif, bu reklamların kimlərinsə əli ilə xalqımıza qarşı yönəldilmiş planlı bir zəhərləmə siyasəti olması qənaətindədir.
Bu gün dünya ekoloji böhrandan, ekoloji tarazlığın pozulmasının əmələ gətirdiyi fəlakətlərdən danışır. Müəllif qeyd edir ki, siqaretin insan orqanizminə vurduğu zərbə digər ekoloji fəsadların törətdiyi bəlalardan heç də geri qalmır. Əgər hər 10-12 saniyə ərzində bir nəfər siqaretçəkmə nəticəsində əmələ gələn hər hansı bir xəstəlik nəticəsində dünyasını dəyişirsə, görün bu bir ay ərzində, bir il ərzində nə qədər insanın həyatını itirməsi deməkdir.
Münasibət
“Tüstü də var ocaq söndürür” kitabına Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri mərhum akademiklər Budaq Budaqov və Rəhim Rəhimovun, akademik Böyükkişi Ağayevin, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvləri professorlar Mustafa Salahovun, Yavuz Rüstəmovun və Firudun Məmmədovun rəy verməsi bu kitabın böyük əhəmiyyət kəsb etməsindən xəbər verir.
Hacı Cəfər həkim Quliyevin «Tüstü də var ocaq söndürür» kitabı vətən, millət sevgisindən qaynaqlanan vətəndaşlıq qayəsi ilə yazılmış bir kitabdır. Yuxarıda da qeyd etdiyim kimi, bu adi bir kitab deyildir. Bu bütün dünya xalqlarını bu bəla ilə mübarizədə əlbir olmağa səsləyən bir həyəcan təbilidir. Müəllif bəşər övladının özünü öz əlləri ilə ölümün caynağına atmasını heç cürə anlaya, həzm edə bilmir və bunu Allaha – ulu yaradana asi olmaq kimi dəyərləndirir. Çünki müqəddəs kitabımız «Qurani-Kərim»də, həmçinin digər müqəddəs kitablarda özünə bilərəkdən qəsd etmək, özünü bilərəkdən ölümə sürükləmək ən böyük günahlardan sayılır. Müəllif qeyd edir ki, siqaretə aludəçilik insanları o vəziyyətə gətirib çıxarır ki, mütəmadi olaraq dünya dövlətlərində siqaretin qiyməti insanların büdcəsinə təsir edəcək qədər artsa da, bu bəlaya meyl nəinki azalmır, hətta bir az da artır. Siqaretə bu dərəcədə meylliliyin, nəhayətdə bəşəriyyətin faciəsinə gətirib çıxaracağı şəksizdir. Çünki il ərzində milyonlarla insanın siqaretin törətdiyi bu və ya digər xəstəliklərdən dünyasını dəyişməsi, bir bu qədər də insanın əlil olması, bir bu qədər də insanın dünyaya şikəst doğulması, nəhayətdə bəşəriyyətin cılızlaşmasına və sivilizasiyanın məhvə məhkum olmasına gətirib çıxaracaqdır.
Müəllif Azərbaycanda siqaret inhisarının xarici şirkətlərin əlində olmasını da respublikamızda siqaret çəkməyin geniş yayılmasını şərtləndirən amillərdən biri hesab edir. O vətəndaşlıq qayəsindən çıxış edərək respublika rəhbərliyinə, şəhər və rayon başçılarına, məktəb direktorlarına, təlim-tərbiyə ocaqlarının rəhbərlərinə, valideynlərə müraciət edir. Siqaretə qarşı mübarizədə onları sağlam gələcəyimiz naminə əlbir olmağa çağırır.
Tanrı bəxşişi
Qeyd etdiyimiz kimi Hacı Cəfər həkim bu kitabı yazarkən ancaq və ancaq millətin sağlamlığını, sabahımızın qurucuları olan gənclərin sağlam mühitdə və sağlam ruhda böyümələrini, gümrah, problemsiz ailəyə sahib olmalarını fikirləşib. Şan-şöhrət, ad-mənsəb xülyasına düşməyib. Çünki Hacı Cəfər həkim bütün ömrü boyu insanların sağlamlığı keşiyində təmannasız dayandığından, gecəsini gündüzünə qataraq ondan şəfa diləyənlərin ümidverici və bəzən də yalvarıcı baxışlarını doğrultmaqla məşğul olduğundan, heç şöhrət haqda fikirləşməyə vaxtı da olmayıb. Ancaq Allah-təala hər şeyi görən və biləndir. Ulu tanrı edilən təmənnasız yaxşılıqları əvəzsiz qoymayib. Elə məhz bu sadalananların nəticəsidir ki, bütün məqamlarda şöhrət özü gəlib Hacı Cəfər həkimi tapıb.
Bu loğmanlar loğmanına, bu alilər alisinə Allah-təalanın lütf etdiyi özəllikləri aşağıdakı kimi sistemləşdirsək, ən doğrusunu etmiş olarıq.
Hacı Cəfər həkim Quliyev:
– böyük ürək sahibidir, hamının sevincinə sevinən, kədərinə kədərlənən bir insandır. Ömrü ağrı-acı əhatəsində keçsə də, heç kimə ağrı-acının nəsib olmasını istəməyib;
– vətən, millət, yurd-yuva sevdalısıdır. Vətənin ən çətin məqamlarında, Qarabağ müharibəsinin odlu-alovlu günlərində təmənnasız yardımını el-obadan əsirgəməyib. Vətənin dərdlərinə aşıyan, vətənin dərdlərini ürəyində daşıyan bir vətən oğludur.
– müqəddəs Məkkə ziyarətinə gedərək Hacılıq titulu qazanan və bu titulu şərəflə daşıyan bir iman əhlidir.
– Azərbaycanın poeziya günəşi, dünya poeziyasının sönməz ulduzu, ustad Məmməd Arazla yarıməsrlik bir dövr ərzində dostluq və qardaşlıq edən, onun həyatının ən çətin məqamlarında həyanı olan, yaşamasına stimul verən bir ürək dostudur (Hacı Cəfər həkim Quliyev bu illər ərzində Məmməd Arazın xəstəliyinin kəskinləşdiyi dönəmlərdə 3 dəfə ustad sənətkara öz qanını köçürmüşdür).
– Azərbaycan ədəbi mühitində özünəməxsus dəsti-xətti olan, 5 kitabın, yüzlərcə bir-birindən maraqlı elmi və publisistik məqalənin, çoxlu sayda müxtəlif səpkili şeirlərin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan urvatlı bir qələm adamıdır.
– çoxillik səmərəli fəaliyyətinə və təmənnasız xidmətlərinə görə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir, səhiyyə əlaçısı və ali dərəcəli həkim-cərrahdır. Ən əsası isə minlərlə insanın sevgi və sayğısını qazanmış, minlərlə insanın qəlbində möhtəşəmlik taxtı-tacını qurmuş, respublikamızın hansı rayoununa, hansı qəsəbəsinə, hansı kəndinə yolunu salsa, ayağının altında qurbanlar kəsilə biləcək bir izzət sahibidir… Bunlar hələ harasıdır ki…
Sadaladığım və sadalamadığım bu qədər məziyyətlərə, bu qədər yüksək keyfiyyətlərə sahib olmaq Allah-təalanın bəxş etdiyi ən böyük mükafat deyilmi?
Nəticə
Hacı Cəfər həkim Quliyevin qəlbi bu gün də gənclik sevdası, yaşamaq, xalqın sağlamlığı keşiyində dayanmaq, yazıb-yaratmaq, köməksizə kömək, dayaqsıza dayaq olmaq eşqi ilə döyünür. Bu döyüntü bir sinfoniyaya çevrilərək, dalğa-dalğa bütün məmləkəti dolaşır, mən varam, mən həmişə sizinləyəm, bütün məqamlarda mən sizin yanınızdayam deyir.
Biz də bu Dədə Qorqud yadigarına, el loğmanına, kimsəzizlər dədəsinə Allah-təaladan möhkəm can sağlığı, uzun ömür, problemsiz ömür-gün arzulayır, “Tüstü də var ocaq söndürür” kitabının düşərli və insanların bu bəşəri bəladan qurtulmasına vəsilə olmasını arzu edirik.
Rafiq ODAY,
Əməkdar jurnalist.