Ərdoğana

Bu yaxınlarda Türkiyənin hava
sərhəddini pozan rus təyyarəsinin
vurulması ilə bağlı rusların hədəqorxusuna
Türkiyənin prezidenti
Rəcəb Təyyub Ərdoğanın sərt
bəyanatı məndə qürur hissi oyatdı.

Əhsən sənə, əzəmətli Ərdoğan!
Böhtan boğan, şeytan boğan, şər boğan.
Qartallara neyləyibdir, neyləyər
Kor yapalaq, ala qarğa, sağsağan?!

Şər-şeytanı zalım fələk doğubdur,
Səni huri, səni mələk doğubdur,
Bəlkə aslan, bəlkə pələng doğubdur,
Aslan doğmur, pələng doğmur hər doğan.

Türküm vurmaz düz yollarla qaçanı,
Vursa, vurar göydə əyri uçanı,
Haqdan kənar haqsız qapı açanı
Haqsız yerə vurmayıbdır nər boğan.

Bir cənnətdə cəhənnəmi yaratsa,
Bir çəməndə gül-çiçəyi saraltsa,
Bir ölkədə çıraqları qaraltsa,
Qaranlıqda özü qalar nur boğan.

Urus pozub sərhəddində havanı,
Özü salıb aralığa davanı,
Çox dağıdıb abad yurdu-yuvanı,
Şər atıbdır çoxlarına şər doğan.

Haqsızlara sərt cavabın haqlıdır,
Sərt cavablar el gücünə bağlıdır,
Əyilməzlər xalqın əsil oğludur,
Kaş mərdlərin onun doğa bir doğan.

Ulu Heydər öyünübdür, öyübdür,
İki dövlət, bir millətik deyibdir.
Nə zaman ki, tale bizdən əyibdir,
Hər türkümüz dönüb olub şir boğan.

Öz taxtında oyaqlardan oyaqsan,
Yurdu talan yurdsuzlara dayaqsan,
Azanlara yol göstərən mayaksan,
Ulu türkün ər oğlusan, Ərdoğan!

Yanımdasan gen gündə də, darda da,
Yanındayam boranda da, qarda da,
Bu dostluğu qoruyarıq gorda da,
Yenilməyib heç bir zaman nər doğan,
Ulu türkün ər oğlusan, Ərdoğan!

12 yanvar 2016

SOYUQ KÜLƏKLƏR

Şair Rafiq Odaya dost gileyi

Harda yubanmısan, ay Rafiq Oday,
Ürəyim təşnədir şeirdən ötrü.
Gözlədim, bağıma gəlmədin bu yay,
Sən ki darıxardın bu yerdən ötrü.

Həsrətdən saraldı heyva sovqatın,
Pərt olub budaqda nar da qızardı.
Təzəcə göyərən bahar sovqatın,
Payız sazağında soldu, bozardı.

Çatdır gileyimi Zirəddinə də,
Vəfasız olmayın bu dövran kimi.
Yaman narahatam Cabir Cəlildən,
Fuad itkin düşüb Qəhrəman kimi.

Ürəyim istəyir həkim Cəfəri,
Sirrimi özgəyə deyə bilmirəm.
Tofiqi görmürəm nə vaxtdan bəri,
Əsəd məndən küsüb, niyə bilmirəm.

Fərqinə varmaram varın-yoxluğun,
Dostu yad eyləmək imkana baxmır,
Bircə səbəbi var bu soyuqluğun:
Ürək yanmayanda gözdən yaş axmır.

Tənha yol gedirəm mən neçə ildir,
Qarşımda keçilməz dağ qalır hələ.
Sizə bəslədiyim ümidlər öldü,
Amma hörmətiniz sağ qalır hələ.

Gözümdən düşübdür vəfasız həyat,
Ümidim üzülüb, gümanım itib.
Kim mənə göstərər bir də iltifat?!
Dövranım devrilib, zamanım bitib.

Bir vaxt tanışlarım, dostlarım mənim
O qədər çox idi…, saysız, hesabsız.
Elə ki büdrədi şöhrət köhlənim,
Verdiyim salamlar qaldı cavabsız.

Ömrün payızında sovuldu barım,
Qışında vəzifəm, postum olmadı.
Köçdü bu dünyadan ən yaxınlarım,
Təsəlli verməyə dostum olmadı.

Gül əkdim, yerində ot-ələf oldu,
Çəkdim ağrısını öz içimdə mən.
Kimə dost demişdim, naxələf oldu,
Həmişə yanıldım dost seçəndə mən.

Ey dost, qınamıram dönük dostları,
Payızda başlayır soyuq küləklər.
Gəlməz çəmənlərə bal arıları,
Saralıb-solanda güllər, çiçəklər…
Payızda başlayır soyuq küləklər.

Bu gecə sən hardan
yuxuma gəldin?

Ümidi üzülüb qırılan eşqim,
Taleyin hökmünə boyun əyirdi,
Arxanca sürünüb yorulan eşqim,
Təzəcə-təzəcə mürgüləyirdi,
Bu gecə sən hardan yuxuma gəldin?

Yenə alovlandı dəli istəyim,

Sönmüş xatirələr közərdi bir-bir,
Quş kimi çırpındı təşnə ürəyim,
Qaçdı gözlərimi ovudan çimir,
Bu gecə sən hardan yuxuma gəldin!

Əhdinə, andına arxa çevirib,
Aciz qul eylədin qula özünü.
Zirvədən bir alçaq təpəyə enib,
Duman yuxu kimi tutub gözünü,
Bu gecə sən hardan yuxuma gəldin?

İtmiş xatirələr ayaz ömrümə
Düşdü şaxta kimi, yağdı qar kimi,
Yaz təki gəlmişdin payız ömrümə,
Getdin taleyimdən son bahar kimi,
Bu gecə sən hardan yuxuma gəldin?

Soyuq baxışların donub üzümdə,
Eh, nəyim qalıbdır daha sevməli?!
Əllərin əlimdə, gözün gözümdə
Sən ki itirmisən məni, ay dəli…
Bu gecə sən hardan yuxuma gəldin?

Təsəllin qəlbimin indi əzabı,
Ziyası ömrümə saçılmaz daha,
Taleyin əliylə bağlanan qapı
Vüsalın əliylə açılmaz daha..
Bu gecə sən hardan yuxuma gəldin?

1983

Dünya

Uyma bu dünyanın etibarına,
Əvvəli,axırı yalan dünyadı.
Güvənmə heç zaman onun varına,
Bir gün, verdiyini alan dünyadı.

Heç kimin yolunda dönmə əngələ,
Keçər ayağına,qurduğun tələ.
Çapma köhlənini belədən-belə,
Atlını atından salan dünyadı.

Xoşbəxtlik, səadət ən uca taxtdı,
Kimə qismət ola o baxta-baxtdı.
Cəhd etmə çarığın yırtılacaqdı,
Özü yaxşısını bilən dünyadı.

Qismət bölgüsünü aparar səssiz,
Kimi şən yaşayar, kimi fərəhsiz.
Fağıra zalımdır, yoxsula xəsis,
Varlıya həmişə kalan dünyadı.

Kimini saxlayar gözünün üstə,
Kimini yandırar közünün üstə,
Heç vaxt durmayıbdır sözünün üstə,
Gündə min xəyala dalan dünyadı.

Bəzən bir qocanı, o gənc eyləyib,
Cavanı qocaldıb iyrənc eyləyib,
Ən kamil adamı gülünc eyləyib
Dalınca min hava çalan dünyadı.

Ucalda-ucalda qaldırıb bizi,
Məqamda-macalda soldurub bizi,
Qocalda-qocalda öldürüb bizi,
Gəncləşə-gəncləşə qalan dünyadı.

Qəbir yaman bahadır

Həyat ömür şahmatı,
Haqq haqsıza uduzdu.
Yaşamaq od qiyməti,
Ölüm yaman ucuzdur.
Ölən ölmək istəmir,
Qəbir yaman bahadır.

Haqqa ölüm gəzənlər,
At oynadır aləmdə.
Bu dünyadan bezənlər
Əlac gəzir ölümdə.
Yalnız ölüm istəyir,
Qəbir yaman bahadır.

Şair gördüm, dərdi nə,
Elə yazır ölümdən.
Əlac tapmır dərdinə,
Bir iş gəlmir əlindən.
Ucuz ölüm axtarır,
Qəbir yaman bahadır.

Daşa dəyib qisməti
Öz ağlının ucundan.
Ləkələnib isməti,
Özün asıb saçından.
Bir qız ölüm istəyir,
Qəbir yaman bahadır.

Yaxşı bilir bilənlər,
Bizdın əvvəl ölənlər,
Sakit-sakit yatırlar.
İndi ölmək çətindir.
Bir qəbirlik daşı da,
Torpağı da satırlar,
Qəbir yaman bahadır.

Tükənirəm büsbütün,
Üfürsələr keçərəm.
Haqqa qovuşmaq üçün,
Haqq dünyaya köçərəm.
Necə köçüm, ay Allah,
Qəbir yaman bahadır.

2015

Xəyal
Qarşımda bir uca dağ,
Yol çətin, mənzil uzaq…
Fəqət arzum, amalım
Zirvəyə qalxmaq olub.
Heyhat…
Təkcə xəyalım
Yoluma mayak olub,-
Dərə keçir, dağ aşır,
Buludları dolaşır.
Günəşdən boylanır o,
Ulduzlara yanır o.
Eh, xəyala nə var ki,
Məskənidir zirvələr.
Kaş xəyal zirvəsinə
Qalxa biləydi hünər?

Ağlasın

Nə ağlarsan, ölən xəstə,
Halına gülən ağlasın.
Dərdini de son nəfəsdə,
Dərdini bölən ağlasın.

Nə gözləyir sabah bizi,
Dünya etməz agah bizi,
Özü boyda sirdir özü,
Sirrini bilən ağlasın.

Bir qarın ac, bir qarın tox,
Qəm yaşadın ömürdın çox,
Ağlamalı günahın yox,
Günahı olan ağlasın.

Dünya cənnət, dünya tələ,
Yaşayırıq ölə-ölə,
Ölənlər var, sağdır hələ,
Sağ ikən ölən ağlasın.

Bu ağıllı, gic dünyadan,
Barındınmı heç dünyadan?
Gülə-gülə köç dünyadan,
Dünyaya gələn ağlasın.

Gəzər

Elə yara, eldən barın,
Azalmasın etibarın.
Eldən yazan sənətkarın
Söz-söhbəti eldə gəzər.

Nurlu əməl-yaraşığın,
Sozalmasın gur işığın.
Ürək çalan hər aşığın
Ürəyi də teldə gəzər.

Ötdü ömrün tən yarısı,
Saçlarımın dən yarısı.
Nə xoşbəxtdir bal arısı
Ömrü boyu güldə gəzər.

Bu torpağı, bu yurdu gəz,
El deyəni heç kim deməz.
Gördüklərin sözə gəlməz,
Yazdıqların əldə gəzər.

Xasay, yazın yazı olsa,
Qışı olsa, yazı olsa,
Ürəyinin sazı olsa,
Hər ürəkdə, dildə gəzər.

Çətin gündə

Deyirsən ki, tərifləyib qartalı,
Sən bu qədər vəsf edirsən – nədəndir?
Məgər hələ bilməyirsən zavallı
Bizim ellər haqqı-sayı güdəndir?

Nə yarpağı, nə çiçəyi, nə barı
Axıradək budaqlarda görmədim.
Qonaq gəlib, qonaq gedən quşları,
Qışa kimi bu dağlarda görmədim.

Kim bilmir ki, yaxşı günün dostları,
Yaman günün əzabına dözməyir.
Söylə, necə vəsf etməyim qartalı,
Tufanda da dağdan ayrı gəzməyir.