Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
MƏN YAŞDA OLANLAR
Durnaların köç vaxtıdı,
Qatarlarlaşıb dağlar aşır,
Tay mən yaşda olanların,
Dili yox,, gözü danışır.
Qüruba gedən günəşəm,
De səni necə isidim,
Mənə elə soyuq baxdın,
Üşüdüm, vallah üşüdüm.
İstəsən mənə məktub yaz,
İçinə şəklini çək qoy.
Heç kim açıb oxumasın.
Arasına bir ürək qoy.
Ürəyimdən keçənləri,
Kimsəyə deyə bilmirəm.
Səni görməyəndən bəri,
Daha sevinib, gülmürəm.
Sevənlərin bu dünyada,
Qurtarmır ki, əndişəsi.
Tay mən yaşda olanların,
Ah çəkməkdi iş, peşəsi.
ÇIXAR
(təcnis)
Qorxaq adam bir nərədən,
Dırmaşıb ağaca çıxar,
Haqq danışsan, haqq söyləsən,
Çoxu sənə tərəf çıxar.
Bu qapını tay yar aşmır,
Sözlərin məni yar, aşmır,
Bu libas sənə yaraşmır,
Gəl onu əynindən çıxar.
Əziz Musa sondu bu yol,
Ağla bacım, saçını yol,
Kim səni görsə bircə yol,
Səndən ötrü canı çıxar.
OLMUŞAM
Halımdan xəbərin yoxdu,
İnan ki, haldan olmuşam.
Doğma yollarım bağlanıb,
Tay sağdan, soldan olmuşam.
Yıxılsam əl tutan yoxdu,
Hayıma bir çatan yoxdu,
Mənə nağıl deyən çoxdu,
Yamacdan, yaldan olmuşam.
Əsən həsrət sazağıdı,
Qəm əriməz buz dağıdı,
Qarabağım göz dağıdı,
Pətəkdən, baldan olmuşam.
Bezmişəm daha yalandan,
Xəbər yox olub, qalandan,
O yerlərdən ayrılandan,
Yaşıldan, aldan olmuşam.
Bu köçən durna sonadı,
Daha yolumuz sonadı,
Ölümdü ömrün son adı,
Ayaqdan, qoldan olmuşam.
SEVGİ
Qızıldı, gümüşdü , dürdü, incidi,
Ömrün şah budağı, qoludu sevgi.
Dünyada hər şeydən o, birincidi,
Həyatın bənzərsiz yoludu sevgi.
Göylərin nurudu, yerin bəzəyi,
Tanrının ən zərif gülü, çiçəyi,
Odur döyündürən odlu ürəyi,
Nəğməylə, şeirlə doludu sevgi.
Bir könül səsidi ucadan uca,
Onunla tanınır hər gənc, hər qoca,
Həmişə, hər yerdə o, dönür taca,
Sevən ürəklərin quludu sevgi.
Ömrün xoş baharı, havası odu,
Həyatın məqsədi , mənası odu,
Bütün gözəlliyin mayası odu,
Dünyanın ən şirin balıdı sevgi.
Tanrının müqəddəs, ülvü işidi,
Göylərin yerlərə bir bəxşişidi,
Ürək sevincidi, göz gülüşüdü,
Əzəldi, gözəldi, uludu sevgi.