rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Vaxt çatanda ağ libası geyinməyə,
Hacət qalmır təkəbbürə, öyünməyə.
Başlayırlar, əldə təsbeh deyinməyə
Sanki varmış bu günədək öndə duran,
Yada düşür oruc, namaz, həm də Quran.

Sığışmayır ziyarətlər günə, aya,
“Canıdişdə” qatlaşırlar hər bəlaya.
Güzar düşür Məşhəd, Həccə, Kərbəlaya
Hamı olur minbərlərə alın vuran,
Yada düşür namaz, oruc, həm də Quran.

Açarını qazanmaqçün axirətin,
Inkar edir vəbalların, qəbahətin.
Namazlarda ön cərgədə durur mətin
Dönüb olur molla, mömün yüz- yüz vuran,
Yada düşür namaz, oruc, həm də Quran.

“Küpü süzür” zorbaların, harınların,
Anlayırlar faniliyin varın- karın.
Toplamaqçün əkdikləri “əməl barın”
Mələk olur qəlb sındıran, könül qıran,
Yada düşür oruc, namaz, həm də Quran.

Nə ziyarət, nə nəzirlər çatmaz dada,
Axirəti qazanarlar bu dünyada.
Çiyindəki mələkləri salıb yada
Nöqtə qoyur misrasına şair Dövran,
Yada düşür oruc, namaz, həm də Quran…