Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı İngiltərə və Fransanın öncüllüyü ilə həyata keçirilən gizli Sayks-Piko sazişi bütün İslam coğrafiyasının işğal edilərək bölüşdürülməsini nəzərdə tuturdu. Sazişin böyük bir qismi, demək olar ki, həyata keçirildi. Lakin türk millətinin yüz minlərlə övladını şəhid verməsi bahasına apardığı qəhramanlıq mübarizəsi və Atatürkün bir lider olaraq ortaya çıxması sazişdə yer alan planın tam başa çatmasına maneə törətdi. Qərb İttifaqı Türkiyə Cümhuriyyətinin bir dövlət kimi varlığını qəbul etmək məcburiyyətində qaldı. Bu gün Sayks-Piko gizli sazişindən 100 il keçməsinə baxmayaraq, eyni qüvvələr sazişin tamamlanması əzmi ilə yenidən hərəkətə keçmişlər. Bu mənfur plana görə Türkiyə bir neçə hissəyə bölünməli, türk milləti isə öncə Mərkəzi Anadoluya sıxışdırılmalı, növbəti mərhələdə isə tamamilə Orta Asiyaya sürgün edilməlidir.

Türkiyədə baş verən son dövlət çevrilişi cəhdi də məhz Fətullah Gülən və tərəfdarlarını bir maşa olaraq istifadə edən İngiltərə öncüllüyündəki Qərb İttifaqının Türkiyəni yenidən işğal etmə planının tərkib hissəsidir. Türkiyənin işğalı ilə nəticələnə biləcək ilk çevriliş cəhdi geri püskürdüldü. Lakin türk milləti yaranmış təhlükənin keçdiyinə əmin olmadığı üçün bu günə qədər meydanları tərk etməyib. Burada diqqət çəkmək istədiyim məqam hazırda davam edən təhlükənin yalnızca Türkiyə üçün olmamasıdır. Çünki hədəf hər nə qədər Türkiyə olaraq görünsə də, əsl hədəf türklük və İslam aləminin yox edilməsidir. Türkiyə İslamın son qalasıdır və bu savaş artıq Türkiyənin mübarizəsi olmaqdan çıxmışdır. Bunun üçün dünyanın harasında olmasından asılı olmayaraq, müsəlmanların İslam dünyasının məhv edilməsi üçün başladılan bu həmləyə qətiyyətli şəkildə qarşı çıxması və müsəlman ölkələrin Türkiyəni birmənalı olaraq dəstəkləməsi lazımdır. Müsəlmanların tək vücud olmalarının zamanıdır. Allah Türkiyəmizi və bütün müsəlmanları qorusun.

Ramiq VƏLİYEV,
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri