Yuxu

Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,

“Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,

“Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.

***

Qaladım köksümdə sevgidən ocaq,
Bilmədim bir zaman sönən olacaq.
Heç kəslə bölmədim, mən susdum, ancaq,
Bu ayrılıq yükü qəddimi əydi.

Sandım ki, olarsan məhəbbət gülüm,
Baharda açılan ilk novruzgülüm.
Nə olar, bir mənə söylə, sevgilim,
Bu ayrılıq nəydi, bu hicran nəydi?

Mən sənə vermişdim öz ürəyimi,
Sanırdım tapmışam eşq mələyimi.
Mən səndən gizlətdim məhəbbətimi,
Axırda daş olub başıma dəydi.

***
Açdım ürəyimi sənə bu gecə,
Mənə yox söylədin, nədir günahım?
Ayıldım, yuxuymuş, sevindim necə,
Şahzadəsi oldun yuxularımın.

Ah, necə sevmişəm, necə mən səni,
Sevgi ocağında qorayam, gülüm.
Sevgi naxışının ilmələrində,
Bir zərəm, ipəyəm, xarayam, gülüm.

Unutdum bir anlıq özüm-özümü,
Ayıldım, xəyala dalmışam sənsiz.
Səni deyə-deyə yumdum gözümü,
Səni deyə-deyə qalmışam sənsiz.

Ayrılığım günah deyil

Gendən baxdım bir gözəllik ulduzu,
Gözlərimə yol çəkildi nurundan.
İndi gözlərimdə dönüb olub su,
Eşqin sabahında sökülməyir dan.

Mənim xəyallarım şirin olmadı,
Əksi suya düşmüş gülə bənzədi.
Mənim ayrılığım günah olmadı,
Yad sığal görməmiş telə bənzədi.

Xana qurdum ürəyimin odundan,
Yanlış vurdu naxışları o gözəl.
Sevən qəlbə bir təsəlli ağıldan,
Nə mən dönüm xatirəyə, nə sən gəl.

Mən Azərbaycandanam!

Gözlərdəki gözəllikdən,
Eşq dillənər, qəlb alışar,
Dil susar, gözlər danışar.
Qıyqacı baxışlarla,
Sevən gözlər elə süzər,
Ox kirpiklər ürək üzər.

Aşiqə pay işvəli yar,
Hər bir əda min sehrli,
Nazlar gözəl, türlü-türlü.
Sevənlərin gözlərində,
Dünya gözəl görünür ki,

Aləm nura bürünür ki…
Sevgi mənlik ocağıdır,
Elə yanar, alovlanar,
Aşiq neçə mətləb qanar.
Gəl, gizli yanma oduma,
Atəşim aləmdədir, bil,
Mənə tay olmaz ki, hər gül…

Fərq etməz ki, kiməm, nəyəm,
Uzaqdanam, yaxındanam…
Mən gözələm, gözəllərin gözəliyəm,
Çünki, Azərbaycandanam,
Mən Azərbaycandanam…