Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 6 iyun tarixli Fərmanı

ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.0. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

2.0.4. strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə mədəni irsin qorunmasına, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına, texniki təchizat vasitələrinin yeniləşdirilməsinə, cari və əsaslı təmir-bərpa işlərinin layihələndirilməsinə dövlət nəzarətini həyata keçirmək;

2.0.5. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

3. Nazirliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;

3.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə dövlət proqramlarının layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.4. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların və birliklərin fəaliyyətini əlaqələndirmək;

3.1.5. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.6. müvafiq sahədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, qanunla onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini və dövlət monitorinqini həyata keçirmək, icazə və digər hüquqmüəyyənedici sənədlər vermək;

3.1.7. mədəniyyət sahəsində dövlət reyestrini aparmaq;

3.1.8. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək;

3.1.9. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

3.1.10. Azərbaycan və dünya mədəniyyət nümunələrindən və mədəni sərvətlərdən insanların sərbəst bəhrələnməsi üçün sosial əhəmiyyətli tədbirlər təşkil etmək;

3.1.11. müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;

3.1.12. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.13. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.14. aidiyyəti dövlət qurumları ilə birlikdə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, mədəniyyət sənayesinin inkişafına yönəldilmiş investisiya layihələri həyata keçirmək və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədilə investisiya qoyuluşu üçün əlverişli mühit yaratmaq;

3.1.15. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.17. Azərbaycan mədəni irsinin bərpasına, qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirlər görmək;

3.1.18. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.19. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.20. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və tədbirlər görmək;

3.1.21. yüksək bədii dəyərli əsərlər yaradılması üçün dövlət sifarişlərini həyata keçirmək;

3.1.22. istedadlı şəxslərin peşəkar inkişafını dəstəkləmək;

3.1.23. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;

3.1.24. Azərbaycan Respublikasının muzey fonduna daxil edilmiş muzey əşyalarının və kolleksiyalarının uçotu və saxlanması qaydasını müəyyən etmək;

3.1.25. dövlət mülkiyyətində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunmasını, uçotunu, mühafizəsini, təbliğini və nümayişini təmin etmək;

3.1.26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada mədəni sərvətləri (daşınmaz mədəni sərvətlər istisna olmaqla) Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil etmək;

3.1.27. xüsusi əhəmiyyətli mədəniyyət obyektlərinin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) milli mədəni irs obyektlərinə aid edilməsini həyata keçirmək;

3.1.28. mühafizə olunan mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) siyahısını aparmaq;

3.1.29. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq sahədə elektron məlumat sistemi yaratmaq;

3.1.30. mədəniyyət nümunələrini ekspertiza yolu ilə Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid etmək;

3.1.31. qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrini aparmaq;

3.1.32. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini və onların milli mədəni irsə aid edilməsini həyata keçirmək;

3.1.33. mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirərək, onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc olunmasını təmin etmək;

3.1.34. mədəni sərvətlərin ixracının mümkünlüyünü mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən etmək;

3.1.35. Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və incəsənətinə ləkə gətirən, onları alçaldan və böhtan xarakterli materialların nəşrinin (yayımının) qarşısının alınması üçün zəruri tədbirlər görmək;

3.1.36. kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması ilə bağlı tədbirlər görmək, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayım məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq və onları filmlərin dövlət reyestrinə daxil etmək;

3.1.37. mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;

3.1.38. milli filmlərin və kinoxronikanın ilkin materiallarının və daşınar maddi mədəniyyət nümunələrinin saxlanması qaydasını və rejimini müəyyən etmək;

3.1.39. turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən, digər aidiyyəti qurumların rəylərini nəzərə alaraq, səmərəli istifadə etmək;

3.1.40. mədəni dəyərlərin təşviqini və təbliğini təmin etmək;

3.1.41. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqun inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin etmək məqsədilə müvafiq sahədə layihələr həyata keçirmək;

3.1.42. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadəyə icazə vermək;

3.1.43. mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından əhalinin istifadə imkanlarının sadələşdirilməsinə yönəldilmiş layihələr həyata keçirmək;

3.1.44. mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə mühafizə şəhadətnaməsi vermək;

3.1.45. Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinin, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Nizamnaməsinə uyğun qaydada, təsdiqi təhsil müəssisəsi rəhbərinin səlahiyyətində olan tədris planları istisna olmaqla, digər tədris plan və proqramlarını təsdiq etmək, təhsil müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;

3.1.46. tabeliyindəki dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

3.1.47. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə müvafiq sahədə ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə, həmçinin iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnoloji və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdıran layihələr həyata keçirmək;

3.1.48. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana və kino fondlarına, yaxud arxivlərinə məxsus mədəni sərvətlərdən hüquqi və fiziki şəxslərin kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə etməsinə razılıq vermək;

3.1.49. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycan mədəniyyətinin beynəlxalq tədbirlərdə təqdimatını və təşviqini təmin edən tədbirlər görmək;

3.1.50. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyi, xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin etmək;

3.1.51. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin etmək və fəaliyyətini əlaqələndirmək;

3.1.52. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Nazirlik strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:

3.2.1. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işini təşkil edir;

3.2.2. hər hansı texniki avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılmasını avadanlıq və qurğu sahibindən aidiyyəti orqanların tələb etmələrinə razılıq verir;

3.2.3. təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə mühafizə tədbirlərinə razılıq verir;

3.2.4. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması zamanı tikiləcək və təmir ediləcək obyektlərin ehtimal olunan qiymətlərinin müəyyən edilməsini həyata keçirir;

3.2.5. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrində (bina və qurğularda) bərpa və yenidənqurma işlərini təşkil etməklə bağlı sifarişçi funksiyalarını yerinə yetirir;

3.2.6. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılıq verir;

3.2.7. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadəyə nəzarət edir;

3.2.8. mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlayır;

3.2.9. Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparılması və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslərdən görülmüş tədqiqat işləri barədə hesabat qəbul edir;

3.2.10. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparır, bu əmlak barədə texniki məlumatları dəqiqləşdirir;

3.2.11. qəza vəziyyətinə düşmüş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid mənzilin (yaşayış binasının) mülkiyyətçisi onu mümkün olan ən qısa müddətdə təmir və ya bərpa etmək vəzifəsini yerinə yetirmədikdə, mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə məhkəmədə iddia qaldırılmasına razılıq verir;

3.2.12. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq verir;

3.2.13. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, tikinti işlərinin dərhal dayandırılması barədə məlumatları toplayır, dərhal dayandırılan tikinti işlərinin davam etdirilməsinə və zəruri tədbirlər görülməsinə razılıq verir;

3.2.14.“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrindən elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəyə, o cümlədən onların icarəyə verilməsinə və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsinə razılıq verir;

3.2.15. mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən edir;

3.2.16. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarının yerləşdirilməsinə razılıq verir;

3.2.17. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin edir, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi və onların əhəmiyyət dərəcələrinə görə bölgüsü barədə təkliflər verir;

3.2.18. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı bir hektardan çox ərazini əhatə edən sahələrdə arxeoloji abidə aşkar olunarsa, həmin zonada inşaat və təsərrüfat işlərinin aparılmasına icazə verir;

3.2.19. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazə verir;

3.2.20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə abadlaşdırma barədə qərarın təsdiq edilməsinə razılıq verir;

3.2.21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə tikintiyə icazə verilməsinə razılıq verir;

3.2.22. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə verir;

3.2.23. tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarını pozduqlarına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.

4. Nazirliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Nazirliyin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq sahə ilə bağlı təcrübəsini öyrənmək;

4.1.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq, rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.1.6. bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.8. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.1.9. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, fəaliyyət istiqamətlərinə uyğun idarələrarası komissiyalar, koordinasiya və ekspert şuraları, komissiyalar və işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

4.1.10. müvafiq sahənin əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə bu sahəyə investisiya qoyuluşu üzrə təkliflər hazırlamaq;

4.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4.2. Nazirlik, strukturuna daxil olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla:

4.2.1. tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonasında qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul edir;

4.2.2. təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisindən və ya istifadəçisindən abidə barədə məlumat alır;

4.2.3. dövlət və bələdiyyə mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul edir.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu, Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının mədəniyyət naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin birinci müavini və iki müavini vardır. Nazir müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

5.5. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.6. Nazir:

5.6.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə nazirliyin digər vəzifəli şəxslərinin və Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.6.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələrini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi qurumlar istisna olmaqla), tabeliyində olan qurumların və Elmi-Texniki Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.12-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;

5.6.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

5.6.5. Nazirliyin Aparatının işçilərini, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, Nazirliyin nomenklaturuna daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirliyin təsis etdiyi döş nişanları və fəxri fərmanlarla təltif edir;

5.6.6. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.7. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.8. fəaliyyət istiqamətləri üzrə dövlət sifarişinə dair sənədləri təsdiq edir;

5.6.9. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.6.10. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.6.11. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.6.12. Nazirliyə həvalə edilmiş məsələlərlə bağlı müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.6.13. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.7. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.8. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.

5.9. Nazirlikdə nazirdən (Kollegiyanın sədri), nazirin birinci müavinindən, nazir müavinlərindən, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirindən və Nazirliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər, yaradıcılıq ittifaqlarının rəhbərləri də daxil edilə bilərlər.

5.10. Nazirliyin Kollegiyası üzvlərinin sayını və Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.11. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.12. Nazirliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.12.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.12.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.12.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.12.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.12.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.6.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.12.6. bu Əsasnamənin 5.12.1–5.12.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktlar.

5.13. Nazirliyin Kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici sayılır.

5.14. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.15. Nazirliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

5.16. Müvafiq sahədə elmi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər.

5.17. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və onun qurumlarının qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq üçün Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

Mənbə: https://president.az