Mənə görə nədir ”Ədəbiyyat”? ‐Bəzən bir körpənin qəlbində yara olan ana sevgisi, bəzən bir qocanın gözlərindəki
həsrət, bəzən bir buludun dolub‐dolub boşaldığı hicran, bəzən də bir mahnı sözlərində deyildiyi kimi: ”Uzun incə bir yoldayam, Gedirəm gündüz‐gecə” Bəli, bir ömürə sığımayacaq qədər ”uzun” bir yoldur Ədəbiyyat. Qəlbimin ən məhrəm sirrlərini öz sehri ilə ovsunlayıb məndən alan ”incə” ruhlu gözəllik ki, nə ”gündüz”ü var, nə ”gecə”si. Bir də baxarsan ki, vaxtsız, vədəsiz gəlib ”Qələm” adlı sirr daşıyla tutub əllərindən aparar səni ruhunun dinclik tapdığı yerə. O qələm ki, əbasını çiyninə atmış, çarığını ayağına geyinmiş, dağınıq saçlarını küləyin daha daqarışdırdığı ”Söz Dərvişi”nin əlində ona yol yoldaşı çomağına bənzəyər…
ZƏNCİROTU
Yaz çəməni səhəri şirin qaz balalarının səsi ilə açaraq
xumarlana-xumarlana sübh çağında şehlənən çiçəklərini qurulurdu. Birdən balaların ən kiçiyi olan sapsarı qaz balasının səsi
aləmi bürüdü. Çəmən onun ağlamaq səbəbini öyrənmək üçün
özünə qulaq olsun deyə bitirdiyi quzuqulağı otu ilə diqqətlə
dinlədi. Deyəsən bizim bu dəcəl qaz balası göydə uçan quşları
görüb özlərinin də qanadı olduğu halda uça bilmədikləri üçün
hay həşir salmışdı. Anası sakitləşdirmək istəsə də xeyri olmadı.
Küsərək onlardan uzaqlaşıb tənha bir tərəfdə ağlamağa başlamışdı ki, əsən meh küləyə dönüb çəməndəki zəncirotunu
üfürdü. Qaz balası bu anda başının üstə rəqs edən zəncirotu
hissələrini görüb heyranlıqla baxırdı. Onlar sanki küləyin asta
asta ifa etdiyi musiqinin ahəngi ilə səmada fırlana fırlana qaz
balasını daha da heyran edirdi. Çəmən onun sakitləşdiyinə
sevinib küləkdən bir az da bərk əsməsini istədi.Beləcə yuvasından qanadlanıb uçan quşlar kimi zəncirotu da tək tək
səmaya ucalırdı. Bunu görən qaz balası yenidən daha gur səslə
ağlamağa başlayıb şikayət etdi: ”Qanadlarım olduğu halda uça
bilmirəmsə heç olmasa zəncirotu olardım.Onlar kimi uçmaq
üçün.”…
Anidən göy üzünü bulud aldı və qəfildən yaz yağışı
yağmağa başladı. Ana qaz balalarını qanadı altına yığıb yağışın
kəsməsini gözlədi. Gün günortaya dönəndən sonra yağışın
kəsməsi ilə al-əlvan göy qurşağı çəmənə baş tacı kimi bəzək
verdi. Qaz balaları sevinclə yamyaşıl çəmənə qaçdılar. Uça
bilmədiyi üçün həsədlə zəncirotuna belə baxan qaz balası isə
çəməni bir az gəzmişdi ki, birdən gözünə yağışdan islanıb yerə
səpilən və daha uça bilməyən zəncirotu sataşdı. O hələ yeniyeni tüklənən qumşaq və sarı qanadları ilə islanmış zəncirotunu sığalladı. Bu zaman ana qaz ilə digər qaz balalarının
səsini eşitdi. Onlar çəməndə fərqində belə olmadan ayaqları
altındakı zəncirotunu əzib keçirdilər.
SƏSSİZ QƏLƏM..
İlin son günləri yaşanırdı. Soyuq Dekabr ayının küləyi
astadan pəncərənin önündən o yan bu yana keçdikcə uğultuya
bənzər bir səs çıxarırdı. Bu səsinin duyulacağı qədər səssizliyi
olan otağın qapısı açıldı. Ev sahibi qayğılı addımlarla masaya
yaxınlaşıb əlindəki qələmi stolun üstünə qoydu və uzun-uzun
kövrək baxışlarla onu seyr edib,sonra anidən cevrilərək
otaqdan çıxdı.
Elə həmin gün idi masanın üstünə qoyulan qələmlə, orda
uzun zamandan bəri axşamlar öz titrək işıqlarını otağın ən
qaranlıq küncünə belə az da olsa çatdıran çırağın tanış
olduqları gün. O gün ki, məhz qələmi də sahibinə çox sevdiyi
birisi ilk və son görüşündə hədiyyə etmişdi. Çıraq maraqla yeni
gələn qonağa baxıb bir xeyli sonra nəhayət ki, gülümsəyib
qələmə ”xoş gəldin”dedi…
Beləcə uzun uzad söhbətə yol almışdı hər ikisi. Yol üstü axşam
düşüncə dəqiqəbədəqiqə qaranlıqlaşan otağı işıqlandırmaq
üçün yanan çırağın alov dili yeni dostunun gəlişi ilə daha
şölələnirdi.Şöhbətin şirin yerində qələm yeni dostundan başına
gələn ən dəyərli hadisəni danışmağını istədi. Çıraq fikirləşmədən keçmiş sahibindən sonra uzun illər paslı lampası ilə
kimsəsiz otaqda unudulduğunu və illər sonra yeni sahibinin
otağa ilk gəlişini xatırladı. Bununla belə o hadisəni olduğu kimi
deyil, məhz həmin gün yeni sahibinin onun haqqında
yazdıqlarını xatırlayıb, danışmaq istədi.Qələm də maraqla
”buyur” deyincə, çıxar böyük həvəslə və kövrək halda danışmağa başladı:
”Səsizlik və tənhalığın soyuqluğuna bürünmüş evin pəncərəsindən süzülən işıq günəşin qürub çağındakı halına bənzəyər. Qaranlığın zülmətində yox olan gün şüarları kimi
otaqdakı çırağın alovları getdikcə zəifləyər. Sonda isə an gələr
tamamilə ilə sönər. Ondan nişanə qalan lampa üzərindəki
hislər kimi qalacaq xatirələrin yaddaşı da. Keçmişlə gələcəyin
arasında gah irəli, gah geriyə boylanan baxışlar nə olduğunu
anlamadan yadlaşacaq bütün doğma sandıqları ilə. Sadəcə
saralmış vərəqlər üzərində küskün uşaq kimi boynunu bükən,
mürəkkəblə yazılmış misralar onu hər an anmaqda olacaq. Və
bir gün birisi yaxınlaşar unudulmuş qapının astanasına. Daxil
olar tənhalığı ilə barışan otağın səssizliyinə. Asta addımları ilə
toz basmış masaya doğru gedər. Masa üzərindəki dəftəri əlinə
alıb yedidən vərəqləyincə,yenidə canlanar solmuş xatirələrin
nəfəsi. Bax o zaman yoxluqla varlıq arasından süzülən işıq
gücləndikcə çırağın hiss basmış yaddaşını silərək ona yenidən
yaşama gücü verər. O çırağın adı ”Əbədiyyət”çırağıdır.!”
Sözlər bitmişdi… Çıraq kövrək halda qələmə baxdı və
ondan eyni xatirəsini bölüşməsini istədi. Qələm fikirli halda
saata baxdı. Gecə yarısına az qalırdı. Bir azdan sahibi ilə tanış
olduğu ilk gün bitəcəkdi. Bir az düşünüb bu gün haqqında nələr
danışacağını keçirdi ağlından. Beləcə bir xeyli zaman keçdi.
Saat artıq 12-ni çoxdan keçmişdi. Qələm isə sahibinə hədiyyə
edildiyi o anların xəyalından ayrıla bilmirdi. Çırağın dəfələrlə
sual etməsinə baxmayaraq qələm heç nə duymurmuş kimi
olanları düşünüb susdu,susdu və susdu. …
Artıq səhər açılmışdı. Səhərə qədər durmadan sual edib
yorulan çıraq cavabsız suallardan yorulub dərin bir yuxuya
gedərcəsinə sönmüşdü. Qələm isə hələ də susurdu…
GECƏLƏR DOĞAN AY GÖZ BƏBƏYİNMİ?
Ətrini soruşdum yovşan kolundan,
”Məndən bir tutamlıq dər, götür”-dedi.
Kövrəldi payızın soyuq nəfəsi
Sel gələn tərəfə üzün çevirdi.
O səssiz çöllərdə suya dönmüşdün,
Köksünü isladıb quruyan daşın.
Yolunun səmtini ovcumda tapdım
Göylər ağladığı sənin göz yaşın.
Gecələr doğan ay göz bəbəyinmi?
Bu necə naxışdı baxışa bənzər.
Yerlə göy arası sorağındayam,
Dərviş libasında xəyalım gəzər.
BƏXTİMİ YAZIM GEDİM
Bir sirrim var, daş sirdaşım,
Deyim, sonra sirr daşım ol…
Oyan zülmət yuxulardan
Müqəddəs ol, pir daşım ol.
Oyan, oyat yaddaşını
Gücün çatsa dərdimi yen,
Özünə dost tapdığına
Daş qəlbinlə sən də sevin….
Bu səssizlik nədir belə?
Gözüm üzündə qalıbdır.
Arzularım dil ucunda,
Sirrim sözümdə qalıbdır.
İlahi…
İlahi, daşın dinmədi…
Daşından haraymı çıxmaz?
Bəlkə qismətim belədi?…
Sözlərimi külüng elə,
Ürəyimdə sirr saxlayan
Kor quyular qazım gedim.
Ya da bir yol göstər mənə,
Daşın dağ olduğu yerdə
Gün batandan gün doğana
Azım gedim.
İlahi, daşın dinmədi…
Sularını mürəkkəb et,
Ağaclardan qələm düzəlt,
Dünyanın qaya alnına
Ver, bəxtimi yazım gedim.
SƏN DƏ UNUT
Gəl yaramıza duz səpək,
Olsun ayrılıq yarası.
Gah sızladaq dərin-dərin,
gah da göz yaşı tökdürək.
Gözərindən od qoparıb
canından elə bezdirək,
Ölsün ayrılıq yarası.
Heç yasını da tutmayaq
Çıxıb getsin yadımızdan.
Düşünək ki, kölgə kimi,
Külək kimi, yuxu kimi,
Bir qəzalı bölgə kimi
darmadağın, külə dönmüş
Ömür keçdi yanımızdan.
Yum gözünü, aç ovcunu,
Bu arzumu hədiyyə tək
əlində tut, sonra gedim.
Bilirsən ki, yaddaşım yox
mən ki, çoxdan unutqanam…
Duz səpilən yaraları
Sən də unut, sonra gedim.