Mən, Zeynəb Səma oxucularını sevən biriyəm. Mənim üçün
həyatın gözəl olması yazarlıq həyatımda daha da irəli addımlar
atmağımla əlaqəlidir. Və oxucularımın, Zeynəb Səmanı kəşf
etməsi olar ki, bu məni çox həm də çox xoşbəxt edəcək. Elə isə,
Zeynəb Səma ilə ilk tanışlığa xoş gəldiz, əziz dostlar…Sevgi və
Dua ilə…
Zaman durdu…
dünya durdu…
mən də durdum…
və özümə şeirdən bir dünya qurdum,
sonuna qədər, sonsuza qədər…

“ÜSTÜM‐BAŞIM SEVDA İÇİNDƏ…”

Üstüm-başım sevda içində…
Həsrət çəkirəm…
Küçələrdə adından
sərin küləklər əsir,
Dənizin dalğası belə
adından nəğmələr oxuyur,
Düşən ulduzlar belə
üzərimə düşür.
Ulduzlar ki,
gözlərinin minlərcəsi,
Gecələrimi aydınladan,
işıq bəxş edən.
“Of” demək
yaraşmaz ki dilimə,
Sənsizliyə üsyan etmək
nə həddimə?!
Yazılmış qədərimə
Yoxluğunun ağır imtahanı.
Sənsizlik ki,
həsrət-həsrət
mənliyimi əridir.
Doğru, heç olmaqdan
keçmirmi ki həqiqi eşq?!
Nə gözəl!
Üstüm-başım sevda içində…

“KİM SEVMƏNİ TƏRİF EDƏ BİLƏR Kİ?!…”

Hər kəsin eyni məna
yüklədiyi kəlmələr
indi fərqli mənalarda.
Darıxmaq deyirlər də,
darıxmaq…
“Darıxdım” deyəcək qədər
bəsit bir sözcük yük idimi?
Yoxsa “darıxdım” deməyə
dərmanı olmayan
bir Leyli ürəklinin
halı idimi?
Kim sevməni
tərif edə bilər ki?!
Uzaq diyarlara bir qapı açıb
təbəssüm etdirirmi,
Yoxsa bir addım sonra
yüksəkliyə çıxarır?
Sizdə də belə olurmu?
Darıxdığınız zaman
yüksəklikdən düşmüş kimi,
Hər yer hava,
amma havasızlıqdan
nəfəssiz qalır,
Ölür kimi olur insan.
Sizdə də belə olurmu?
Və anladığım kimsə
sevməni tərif edə bilməz.
Anlatsa da,nə qədərini
anlada bilər ki?!
Və bildiyim – sevmənin tərifi olmaz…

“BİR ÖMÜR SUSMAĞA RAZI İDİM…”

Səssizdim…
Gözlərinə baxan
bir kainat cümlə görəcəkdi sanki.
Gözlərimə vurmuşdu
sanki bütün söylədikləri.
Tək kəlməsinə ömür boyu susmağa razı idim,
Tək başına göz qapaqlarımı
möhürləməyə razı idim.
Yolumdu o mənim,
Ruhumdu o mənim.
Və bu yolda gedərkən qəlbimi
verməyə razı idim.
Yetərdi o an mənə,
Onu görmüşdüm,
Hazır kimi idim,
Səssizdim amma
Gözlərimə vurmuşdu eşq,
Bir ömür susmağa razı idim…

“SEVDİYİM…”

Sevdiyim,
Külək ətrini
ilk dəfə gətirdiyində,
Eşq aralandı…
İçimin içindən
bir şey idin sanki…
Usanmadım yolunda,
Yorulmadım yolunda,
Tükənmədim yolunda.
Nə varsa, eşqə
Və eşqə aid etdim

“ANA ŞƏFQƏTİNİN DİLİ NECƏDİR…”

Unutdum, inan ki, unutdum daha,
Ana şəfqətinin dili necədir.
İndi axtarıram, olubdur baha,
Halbuki “şəfqət” sə iki hecədir.

Ürəyim dağ boyda acı altında,
Sən varsan, mən niyə görmürəm səni?
Nə yazım, bilmirəm şəfqət adında,
Ana şəfqətiylə vurdular məni.

Vurdular, indiysə qalxa bilmirəm,
Bir əl axtarıram tutsun əlimdən.
Şəfqət yoxluğundan heç də gülmürəm,
Bir şey də gəlmir ki artıq əlimdən.

“VƏ QƏLƏM SƏNİ MƏNƏ YAZMAĞA BAŞLADI…”

Hər gecəm bir roman,
Hər gecəm bir şeir,
Hər gecəm
başqa bir hekayə,
Hər gecəmdə
başqa bir dünya
baş rollara
Səninlə məni yazardım.
Görürdüm səni,
baxdırırdım səni mənə.
Səni məndən
ayıran kimsəni
yazmazdım kağıza.
Nə gözəl yaşardıq?!
Bir rəngdə yazardım
gözlərinə baxarkən,
Və qələm səni mənə
yazmağa başladı…

“GÖZƏL QADIN…”

Gözəl qadın,
Bütün yanlışları sabahına
yox edəcək qadın.
Bəli,doğru eşitdin,
Xəyallarımızı yox etdilər.
Görməsəm də,
bənzədərdim səni
dərin incəliklərə.
Sevdiyimizi əlimizdən aldılar.
Bir xəyalımız var idi,
Bir bazar,
payız vurmuş küçələrə
pəncərəmizin buxarını
silib baxacaqdıq,
səssiz xəyallar quracaqdıq.
Bir qəribin xəyalı
bu qədər olar sadəcə.
Mənim könlüm
yara baxarkən əriyər.
Bəlkə tam bu sırada
yalan-dolan
dünyası da durar.
Gözəl qadın,
Bütün yanlışları
sabahına yox edəcək qadın.
Mən səni sadəcə
çox sevdim.
Beləcə bir qəribin
xəyallarını dinlədin,
Gözəl qadın…

“ONLARIN QAPILARINA QƏDƏR GEDƏCƏK BU KİTABLAR…”

Bizi ayıranlar var ha,
onların qapılarına qədər
gedəcək bu kitablar.
Ağacların üzərində
səni sevdiyim yazılacaq.
Evinə çörək almağa
gedən bir uşaq
döndüyündə səni necə
sevdiyimi anladacaq,
Bir qarışqa
torpağın altında açdığı tunelin
divarına sevdamızı yazacaq,
Dünyanın bir gün
durası gəlsə,bəlkə bir gün
səni görərəm deyə
təkrar dönəsi gələcək.
Bir pişiyin oyun istəməsində
görəcəklər səni sevdiyimi,
Və ən mənalı
mahnıda duyacaqlar səni sevdiyimi.
Eşitdiyim son şeirdə,
ayaq barmaqlarımın
uclarına torpaq sızacaq,
Möhkəmcə bir bəyazın içinə
Saxlayacaqlar bu Zeynəbi.
Hər yağışda
Əlbət bir gün sənə toxunmuş
sular sızacaq torpaqdan,
Bu səfər toxunacam, sevdiyim,
torpaqdan sızan sulara
nəfəs almayan
bəyazlar içindəki ruhumla…
Və beləcə onların
qapılarına qədər gedəcək
bu kitablar,
Və hər kəs anlayacaq səni sevdiyimi…

“TƏNHADIR DƏRD SAHİBLƏRİ…”

İnsanın bir dərdi olacaq,
Bir qürbət hissi olacaq
içində bir yerlərdə.
Gedəsi olacaq bir yerlərə,
Keçməyəcəyini bilə-bilə,
gedişdə tapa bilməyəcəyini
bilə-bilə gedəsi olacaq.
Üzünə baxdığında
bir yaşanmışlıq görəcəksən,
Anladacaq,
bir şeylərin olduğunu
hiss edəcəksən.
İnsanın uğruna
başını verəcəyi
bir dərdi olacaq.
O dərdin arxasına
yorğun düşmüş bir də ürəyi.
Ürəyindən daşıb
yorğunlaşdırdığı
baxışları olacaq.
Tənhadır dərd sahibləri,
çünki dərd çox da
anladıla bilinəcək
bir şey deyildir.
Sən də anlaşılmadıqca
tənhalaşarsan sadəcə.
Daha da böyüyərsə dərdin,
Silinər dünya gözündən,
Gedəcəyin yerə,
Həqiqət diyarına
saxlarsan anladacaqlarını.
Bildiyin,insanın
bir dərdi olacaq.
Bir qürbət hissi olacaq
içində bir yerlərdə.
Sadəcə gedəsi olacaq bir yerlərə…

“EY YAR…”

İndi kəlmələri tökürəm kağıza.
Bəzən kağızın bir başqa tərəfinə keçir
hisslərim.
Yazdığım andan duyğuları qaçıb
səninlə yaşamağım gəlir,
Qısa bir ömür.
Ey yar, yaxınkən
Uzaq olmaq yoxdur bizdə.
Yaxından da yaxın vardır.
Ey yar, üzün,
Nəfəsin olsa bir ömür
Mən səndən doyaram heç?!
Artıq gözlətmə
Bu sevda da, ey yar.
Hər gün yenidən
darıxmağa başlamaq çox çətin, çox acı.
Ən gözəli bir düşüncə,
Bir həqiqət ol,
Gəl ürəyimə…

“BİR QUŞ OLSAM…”

Bir quş olsam
Boğazıma dolan…
Arzuma yol alsam,
Sevgini qanad,
Eşqi cəsarət,
Yarı nəfəs bilsəm,
Dərdim məhəbbət olsa,
Kədərim yerin alsa,
Gecə yarısı
bir vüsal çıxsa gəlsə,
Arzu olsa…
Bir quş olsam
Ürəyimə dolan…
Doğrularıma yol alsam,
Qələmimi qanad,
Kağızımı ümid,
Şeirlərimi sevgi bilsəm,
Düşüncəm sadəcə
məhəbbət olsa,
Acılarım yerin alsa,
Gecə yarısı
bir vüsal çıxsa gəlsə,
Həqiqət olsa…
Deyirəm,
Hər şey yol olsa…
“SƏNİ YAZIRAM DÜŞÜNURLƏR…”
Səni yazıram düşünürlər.
Səni yazsam, başqa qələmlər
kağıza küsər –
Kağızları incitməkdən qorxuram.
O heç görə bilmədiyim
baxışını yazsam,
O kəlmələr neçə insan nəfəsi kəsər?!
Fikrimi,
Qəlbimi,
Düşüncəmi,
Kədərimi yazsam,
Neçə insan bu dərdi qaldırar?!
Və oxumağı bacarsa yağış,
Bir tək mənim üzərimə yağar.
Yağar da,
Yanan kağızı
Söndürməz,
Söndürə bilməz…