Baxışlar fərqlidir duyğular eyni. Fərqli baxışlarla yaşarlar
duyğuları. Hər kəsin fərqli baxışı olduğu kimi,fərqli dünyası var.
Öz balaca dünyası… Amma, bu balaca dünyaya nə qədər hislər,
duyğular sığdırarsan. Hər dəfəsində fərqli. Mənim də öz dünyam
var. Dünya içində balaca bir dünyam, ŞEİR DÜNYAM, SÖZ
DÜNYAM…
Ən gözəl anları sənə bağlayan,
Sənsiz ürəyini deşib‐dağlayan,
Sənin sevgin ilə coşub çağlayan,
Şairin qəlbində söz dünyası var.

SEVGİ PAYIM

Sən mənim tərtəmiz pak mələyimsən,
Günəşim, ayımsan, həm ürəyimsən,
Sonsuz kainatda tək diləyimsən,
Günüm bir gün deyil sənsiz, ey insan!
Sən mənə Allahdan sevgi payımsan.

Sənsiz bu ürəyim yaman haldadır,
Gözlərim hər zaman sənsiz yoldadır,
Niyə, bu xəyallar məni aldadır?
Hər ötən günümsən, həftəm ayımsan
Sən mənə Allahdan sevgi payımsan!

Məni yaman üzür həsrət, intizar
Qara saçlarıma sanki yağıb qar,
Ürək həsrətindən buz kimi olar,
Sən mənim həm qışım həm də yayımsan,
Sən mənə Allahdan sevgi payımsan!

OLMASIN

Gəl dəymə kamana, toxunma tara,
Çaldığı bəstəsi qəlbimdə yara,
Ağlamaq olmadı bu qəlbə çara,
Axan göz yaşımı silən olmasın.

Bu eşq dəyişdirdi mənim halımı,
Əzdi qanadımı, aldı canımı,
Saldı səhralara mənim ahımı
Qaçdım uzaqlara bilən olmasın.

Eşqinin Leylitək yanma oduna,
Çağırsan bir kimsə gəlməz dadına,
Salma ötənləri, daha yadına,
Bir də xəyalına gələn olmasın!

YAMAN DOLMUŞAM

Sən qırdın qəlbimi acı sözünlə,
İllərdi dözmüşəm səbr, dözümlə,
Artıq bacarmıram özüm özümlə,
Payız buludutək yaman dolmuşam.

Sən sevə bilmədin məni mən kimi,
Heyf, bacarmadım olam sən kimi,
Özümü göstərdim xoşbəxt-şən kimi,
Yalnız xəyallarda xoşbəxt olmuşam.

Vaxtında dünyaya gəlməmişik biz,
Sevgi yollarında qoymadıq bir iz,
Sanki yerə düşdü məhəbbətimiz,
Ömür bağçasında vaxtsız solmuşam…

BU GÜN

Məndən qaçdığını anladım bu gün,
Nə idi məqsədin, nə idi qəsdin!
Bizi bağlı tutan sevgi bağını,
Tələsib əlinlə sən özün kəsdin.

Məndən qaçdığını anladım bu gün,
Silib göz yaşımla sevgimi, məni,
Bir dərin iz qoyub hara qaçırsan?
Qaçmaqla unudar sevən-sevəni?

Məndən qaçdığını anladım bu gün
Vüsal çiçəyini necə qoxlaram?
Qayalar qoynunda tənha çiçəktək
Ayrılıq selini çətin saxlaram.

Məndən qaçdığını anladım bu gün
Küsdürüb könlümü ala bilmədin
Kimsəsiz adaya düşən insantək
Qəlbimdə bir məskən sala bilmədin.

SƏNİ

Mən hara baxıram səni görürəm,
Hər yerdə axtarır gözlərim səni,
Məni həsrətinin odu yandırır
Yəqin ki, isidir közlərim səni.

Əlçatmaz arzusan, sonsuz səmasan,
Qəlbimə nur saçan bitməz duasan,
Yoxluğunla varlığıma qidasan
Gözləyir yollarım, izlərim səni.

Daha bu sevgidə gözütoxam mən,
Həsrətə sancılan odlu oxam mən,
Sən gedəndən bil ki artıq yoxam mən,
Şeirlə vəsf edir sözlərim səni.

…AMMA…

Bu ürək ən ağır yükü daşıyır,
Qəlbim yaralıdır həsrət qaşıyır,
Mənim ürəyimdə gizli yaşayır
Bu qədər yaxınkən uzaqdır, amma
Sevirəm, bu sevgi yasaqdır, amma.

Qaranlıq gecəm də ay olub mənə,
Sonsuz sevgisi də pay olub mənə,
İkinci özümtək tay olub mənə,
Bu qədər yaxınkən uzaqdır, amma
Sevirəm,bu sevgi yasaqdır amma.

Ömrümü isidən sönməz ocaqdır,
Ruha işıq saçan nurlu çıraqdır,
Ötən gəncliyimdə ən gözəl çağdır,
Bu qədər yaxınkən uzaqdır, amma
Sevirəm, bu sevgi yasaqdır, amma…

DƏRDİ BİLİNMƏZ

Həyat bəzən olur zalım-amansız,
Gözün əvəzinə qaş qoya-qoya.
Sevənləri ayrı salır zamansız,
Hər dəfə gözlərdə yaş qoya-qoya.
Həyatın oyunu, nərdi bilinməz,
Qurduğu oyunda şərti bilinməz,
Fələyin bizimlə dərdi bilənməz,
Götürər gəncliyi çaş qoya-qoya.
Əzaba yorğantək bizlər büründük,
Saxta gülüşlərlə xoşbəxt göründük,
Yeridik, yıxıldıq, gah da süründük,
Seyr etdi, yollara daş qoya-qoya.
Uşaqkən böyümək edirsən niyyət,
Böyüdün başlayır əzab-əziyyət,
Elə ki yaşlanıb oldun şəxsiyyət,
Aparır yerləri boş qoya-qoya.

MƏNİM DƏNİZ ARZULARIM

Dedi: “dərdlə-qəmlə yaşa”
Sevincimi vurdu başa,
Yelkənimi çırpdı daşa
Mənim dəniz arzularım.

Hərdən oldu coşdu-daşdı,
Nə dedimsə razılaşdı,
Sonda məndən uzaqlaşdı
Mənim dəniz arzularım.

Əvvəl məni məndən aldı,
Ümidimi daşa çaldı,
Heyf, xəyal kimi qaldı
Mənim dəniz arzularım.

Qəm-kədərlə çox qalandı,
Gerçəyə dönməz yalandı,
Ləpə kimi xırdalandı
Məim dəniz arzularım.

Dedim Aynur, bu nə həyat ?
Dedi: “səbr et məqsədə çat”
Məndən uzaq düşdü rahat
Mənim dəniz arzularım…

ŞEİRLƏRİM

Ən gözəl anları sənə bağlayan,
Sənsiz ürəyini deşib-dağlayan,
Sənin sevgin ilə coşub çağlayan
Şairin qəlbində söz dünyası var.
Mənə fani dünya yaman gəlir dar,
Mən “ayrı dünyada” tapmışam qərar,
Könül gözəlliyi sevgidə axtar
Səndə ki duyğu var, göz dünyası var.
Eşq elə dünyadı dəyərli, baha,
Təməli bağlıdır uca Allaha,
İnci, bu dünyadan uzaqlaş daha
Sevən insanların öz dünyası var.

BU SEVDA

Tərtəmiz səmatək aydınlığı var,
Bəzən gecə kimi qaranlıq olar,
Deyirdim, qəlbimə nur kimi dolar
Gözümə yaş olub doldu bu sevda.

Sevəni “həsrətlə” sınağa çəkdi,
Sevgisiz yaşamaq nəyə gərəkdi?
Çoxunun qəlbinə toxumun əkdi
Hələ açılmamış soldu bu sevda.

Xəyanət şimşəktək vuranda onu,
Geyindi ayrılıq,intizar donu,
Artıq,bununla da yetişdi sonu
Yalanın qurbanı oldu bu sevda!

İNSANI İNSAN ALDADIR

Salam, uşaqlığım, bir az dərdləşək,
Qarışıq həyatda axtardım səni,
Xeyli uzaq düşdük, uzun zamandı
Çoxmu dəyişmişəm?! Unutdun məni.

Bu tərəf qaranlıq çox qarışıqdı,
Hamı soyuqlaşır ölür insanlıq,
Məzarlıq salınır “insanlıq” adda,
Bilirsən, başdaşı olub “nadanlıq”.

Öndə gedənlərin önünə keçib,
Getdiyi yollara quyu qazırlar,
Burda insanları edib oyuncaq,
Harama əl atıb yolu azırlar.

Nə hörmət qalıbdı, nə də məhəbbət,
Zəmanə dəyişdi gör nə haldadır,
Yalanı yalanla alqışlayırlar,
Şeytan yox insanı insan aldadır.

Belə bir zamanda gənclik yaşadım,
Ruhumu dərdi-qəm narahat edir,
Aynurə,bilmirəm necə qaytarım
Ömür qatarıyla gənclik də gedir!

ÖMÜR QATARI

Hara tələsirsən belə sürətlə,
Ey ömür qatarı, kimi gəzirsən?!
Ömür sarayından daş sala-sala
Hər doğum günümdə məni üzürsən.

Məndən alıb getdin saf uşaqlığı,
İndi də gəncliyi çox gördün mənə,
Qarışıq həyatda ömür sürərkən,
İlləri almağa qayıtdın yenə.

Sənə sığınmışdım sənə gəncliyim,
Məndən əlaqəni niyə kəsirsən?
Uşaqlıq illəri minən qatara
Sən də minmək üçün çox tələsirsən?

Ayları illərə calaq edərək,
Ömürdən fəsillər bir-bir ötüşdü,
Alıb bir ilimi yenə bu qatar,
Gedən illərimin yoluna düşdü.