Ədəbiyyat, ruhumun içinə dərinləşən söz, büsbütün
yaşamımın özəlidir. Sətirlərdə illərin tuta bildiyin anı cücərib boy
verir.
GÖYLƏR SAÇLARIMIN DUVAĞI
Hər dəfə yağışdan sonra gün çıxır,
Gətir, göy üzünün rəngini mənə.
Bir göy qurşağıyla yallı oynayaq,
Çal, sakit havada cəngini mənə.
Rənglərdən azacıq otağa düşsün,
İsitsin yastığı gün qırıqları.
Qəmli baxışlara bir nur yapışsın,
Məst etsin özündə qaranlıqları.
Göylər saçlarımın duvağı, örtüm,
Gəlib yer üzündə yanağıma çən.
Bu qədər çiskini neynirəm axı?
Yığıb qucaq-qucaq qucağıma mən.
Götür gözlərimə göy qurşağı çək,
Görməsin yerdəki uzaqlıqları.
Əl atım hər dəfə tuta bilim, Yar!
Buludun rəngindən ən ağlıqları.
GEDƏN PAYIZ GƏLƏN İLƏ EYNİDİR
Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindir.
Bu həyatın yolu, dərdi ayrıdır,
Bu həyatın ələyi də dərindir.
Qarsaladı, təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.
Aləmində, aləm sirli, gün sirli,
Cəld taleyin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.
Qara saça ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.
Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdür qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.
Səs çıxarma, yat, bala
***
Anasını, atasını
itirən uşaq!
Üzünü soyuq daşa qoyub…
İsti qucaq əvəzinə,
iki məzar arasında
yatan uşaq,
əllərini başı altda qoşa qoyub.
Anasının, atasının nəfəsini,
duymaq üçün,
gecə-gündüz yatır orda.
Göz yaşını, ahına qatır orda.
Bu uşağın taleyini düşünəcək,
bir kimsə yox.
Mərmi yağır göy üzündən,
yağış kimi.
Səs çıxarır zülmlərə
əl çalınan alqış kimi.
Şak, şak, şak…
Bu cənnətmi, cəhənnəmmi,
qiyamətmi..?
Yoxsa bütün insanların
göz yumduğu cinayətmi…
Sadə bir ad qoyublar,
vətəndaş müharibəsi.
Yaxşı addır,
yatımlıdır qulağa.
Yat iki məzar arasında,
səs çıxarma, yat, bala.
TƏK GECƏ
..Və hər gün
ümid qapısında əl açmaq,
bir dünya hənirtisi.
Sənin könül dünyana
bənövşə əkər.
O tək axşam
tək gecə…
Sənə açılan tək səhər,
tək toxunuş.
Dualara yetəcək sirr adamım
Yel,
Od,
Su,
Torpaq,
Səs adamım,
İz adamım,
Öz adamım.
Öndən gəl, məndən gəl.
Əlini,
İzini,
Sözünü öpüm, tək nəfəsə,
tək səsə.