M.Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir.1927-ci ildən “Maarif və mədəniyyət”, “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur.1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görmüş, kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanmışdır.
1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir.1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.
Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır.”Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.
Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu.1930-1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), Taras Şevçenkonun”Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, Samuil Marşakın “Huşsuza bax, huşsuza”, Mirzə Fətəli Axundovun”A.S.Puşkinin ölümünə Şərq poeması” əsərləri nəşr edilmişdir. Bundan əlavə Müşfiq Mixail Lermontovun “Demon” poemasını (Rəsul Rza ilə birgə), “Qafqaz” (Mikayıl Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarı” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.
1936-cı ildə Mikayıl Müşfiqin “Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür. 1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir. Lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.
Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.
1937-ci ilin represiya dalğası mədəniyyətimizin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Həbs olunmuş müttəhimlərin “könüllü” surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, cümə günü, iyun ayının 4-də isə evində həbs edilmişdi.
Mikayıl Müşfiqi həbs edənlər və evində axtarış aparanlar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları M.Mustafayev, N.Petrunin və MİK-nin (Mərkəzi İcraiyyə Komitəsi) sədri Şevçenko idi. Axtarış zamanı Türkiyədə nəşr olunmuş 14 kitab, başqa nəşrdən olan 5 kitab, türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet, əlyazmalar və digər əşyalar müsadirə olunmuşdu. Əlyazmaların içində Mirzə Qədir Visaqinin şeir divanı, opera librettoları, mənzum nağılları, müşfiqin yüzlərcə şeiri, türk-dram teatrının üçün işlədiyi mənzum dramın əlyazması, məktublar və Dilbər Axundzadənin “Dilbərnamə” yazılmış dəftəri də var idi. Müsadirə olunmuş əşyalar 13 oktyabr 1937-ci ildə yandırılımışdı.
Şairin ilk istintaqı 1937-ci il iyun ayının 5-də baş tutur. İstintaqı aparan 4-cü şöbənin IV bölməsinin əməliyyat müvəkkili serjant Q.B.Platonov idi.
Şairdən sorğu zamanı əksinqilabçı təşkilatın üzvü olduğu və əksinqilabi millətçi mövqedə dayandığı barədə soruşulmuş, lakin şair əksinqilabçı millətçi təşkilatın üzvü olmadığını və əksinqilabi millətçi mövqedə dayanmadığını söyləmişdir.
Həbsdə olarkən şairə işgəncələr verilirdi. Əvvəlcə əl və ayaq dırnaqları çıxardılmış, daha sonra onu su quyusu olan xüsusi kamerada iki gün qurşağacan içində siçovullar olan suda saxlayırlar. İki gecə yatmayandan sonra təkadamlıq kamerada yerə şüşə qırıntıları töküb onu ayaqyalın gəzməyə məcbur edirlər. M.Müşfiqə işgəncələr verib onu adamlarla üzləşdirsələr də, şair heç kəsin üzünə durmayır…
Amma M.Müşfiq həbsdə olarkən onun əleyhinə yazanlar olur!
Müşfiqin sonuncu istintaqı 27 noyabr 1937-ci ildə baş tutur. SSR Ali Məhkəməsi hərbi kollegiyasının səyyar sessiyası 5 yanvar 1938-ci ildə, çərşənbə günü güllələnmə qərarı çıxarır. 1938-ci i il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verilir və hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.
Qeyd edək ki, hər il İyun ayının 5-i Azərbaycanda “Şairlər günü” olaraq qeyd edilir.
Mənbə: http://www.edebiyyatqazeti.az