Moskva şəhərində – Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir qrup ictimai və ədəbi xadim nüfuzlu “Puşkin mükafatı” və “Puşkin medalı” ilə təltif ediliblər.
Onların sırasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.
Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutub. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial “Rus prozası antologiyası. 2018” və “Rus poeziyası antologiyası. 2018” nəşrlərində dərc olunan yazarlar laureat adını qazanıblar. Təntənəli mərasimdə antologiyanın nəşrləri də təqdim olunub.
Rusiyanın ən tanınmış ədəbi simalarından olan “Literaturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev 2019-cu il “Puşkin mükafatı” ilə mükafatlandırılıb.
“Puşkin medalı” ilə laureatlar 2 dərəcə üzrə təltif olunublar: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Varis Yolçuyev 1-ci dərəcəli “Puşkin medalı” ilə mükafatlandırılıb.
Mükafatları laureatlara Rusiya Yazıçılar Birliyinin sədri Dmitriy Kravçuk təqdim edib.
Mərasimdə Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Mərasim Puşkinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya və konsert proloqamı ilə yekunlaşıb.
Mənbə: http://www.edebiyyatqazeti.az