https://b.radikal.ru/b19/1908/7a/9c3b5264c6f0.jpg

İsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun “atası”, iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib.

Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və “STMEQİ” Beynəlxalq Yəhudi Xeyriyyə Fondunun dəvəti ilə İsrailə gəlib.

AZƏRTAC “Azİz”in məlumatına istinadla xəbər verir ki, görkəmli yazıçı ilə görüşlər Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində və Təl-Əvivdəki Rusiya Mədəniyyət Mərkəzində keçirilib. Sevimli yazıçısı ilə görüşə gələn hər bir oxucuya “Sholumi” mərkəzinin buraxdığı və üzərində Çingiz Abdullayevin avtoqrafı olan “Kuba kapriççiosu” romanının audio versiyası təqdim olunub.

Yazıçının İsrailə səfəri yerli kitabsevənlərin həyatında əlamətdar hadisə olub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən çoxlu insan onun görüşünə gəlib. İsraillilər Çingizi gurultulu alqışlarla, onun istedadına heyranlıq hissləri dolu coşqun baxışlarla qarşılayıblar. Azərbaycan yazıçısının iştirak etdiyi KAN REKA dövlət radiokanalında jurnalist Alona Brennerin “Noçnaya smena” verilişinin canlı yayımının yüksək reytinq qazanması da Çingiz Abdullayevin populyarlığının göstəricisidir.

İstənilən məşhur şəxsiyyət haqqında internetdə informasiya tapmağın mümkün olduğu müasir dövrdə adama elə gəlir ki, tanınmış yazıçının pərəstişkarları onun haqqında məlumatları həm kitablardan, həm də KİV-dən öyrənə bilərlər. Lakin, eyni zamanda, bizim bilmədiyimiz məqamlar da var və bu barədə yazıçının özündən öyrənmək istəyirik. “Azİz” Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman da öz suallarını məşhur həmyerlisinə ünvanlayıb:

– Çingiz müəllim, Siz o qədər çox və maraqlı yazırsınız ki, hərdən adama elə gəlir ki, bu qədər süjeti düşünüb tapmaq mümkün deyil. Yəqin ki, onların bir hissəsini real həyatdan götürürsünüz. Zəhmət olmazsa, bununla bağlı deyərdiniz, kitablarınızdakı süjetlərdə gerçəklik payı nə qədərdir?

-Hesab edirəm ki, onlar kifayət qədər realdır – təxminən 80-90 faizi belədir.

– Siz Azərbaycanda dünyaya gəlmisiniz, kitablarınızda isə hadisələr əsasən Qərbdə cərəyan edir. Siz özünüzü kim olaraq görürsünüz? Qərb, yoxsa Şərq insanı kimi?

-Tənqidçilər qeyd edirlər ki, mənim qəhrəmanlarım Qərbin və Şərqin özünəməxsus simbiozudur. Yəqin ki, elə mən özüm də.

-İndi süjetləri haradan götürürsünüz?

– Həyatdan. O, gözlənilməz, dinamik və yetərincə faciəlidir. Heç bir şey uydurmaq lazım gəlmir. Hər gün təsəvvür edəcəyimizdən də daha maraqlı hadisələr baş verir.

– Moda Sizin üçün nədir və bu sahədə Sizin öz meyilləriniz varmı?

-Moda arxasınca getmək sərsəmlikdir, amma onu nəzərə almamaq daha çox sərsəmlik olar. Mən kitablarımda özümə xas olan meyilləri qələmə alıram. Bunlar qəhrəmanlarımın sevdikləri brendlərdir. Təfsilata varmaq istəmirəm, çünki məni gizli reklamda ittiham edə bilərlər.

– Sizin uğurunuzun sirri nədədir? Bu, sizin gərgin əməyinizin nəticəsidir, yoxsa “yuxarıdan” gəlir?

– Zəhmət, zəhmət və bir daha zəhmət. Uğurun sirri budur. Təəssüf ki, “yuxarıdan” heç kim kömək etmir. Hərçənd aydındır ki, “ilahi qığılcım” da olmalıdır və onsuz heç nə mümkün deyil.

– Kitablarınızda heç bir vəchlə toxunmayacağınız mövzular varmı?

– Şübhəsiz. Bunlar seks, zorakılığın təbliği, terror aktlarında istifadə oluna biləcək əlaltı vasitələrin təsviri, real insanların təhqir olunması, xalqların və ya millətlərin ünvanına təhqiramiz ifadələrdir.

– Sizin milyonlardan gizli sirləriniz varmı və onları nə vaxtsa açıqlayacaqsınız?

– Yəqin ki, bəli. Tənqidçilər bunun üzərində kifayət qədər uğurla işəyirlər.

– Xalq, millət, insan – Sizin üçün bu zəncirin ən mühüm halqası hansıdır?

– İnsan. O, hər şeyin meyarı və istinad nöqtəsidir. Bütün xalqlar və millətlər məhz ondan başlayır.

– Kulinariyada nəyə daha çox üstünlük verirsiniz?

– Çox rəngarəng seçimim var. Lakin anamın və nənəmin hazırladığı Azərbaycan, Bakı yeməklərini daha çox sevirəm.

– “İsrail” dedikdə ağlınıza ilk olaraq nə gəlir?

-Dünyaya çoxlu sayda şəksiz dahilər bəxş etmiş böyük xalq. Tamamilə imkansız şəraitlərdə mövcudluğunu qoruyub saxlayan ölkə. Öz dillini və dövlətini dirçəltmiş insanlar. Bir də, mənim çoxlu sayda sadiq oxucularım.

-Çox sağ olun, əziz Çingiz müəllim! Sizə yeni maraqlı süjetlər, tükənməz yaradıcılıq enerjisi və sevimli yazıçı zəhmətinizin bəxş etdiyi xoşbəxtlik arzulayırıq.

Mənbə: https://azertag.az