Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək.
AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub.
Bu il festivalın jüri heyətinə teatr və kino aktyoru, RSFSR-in Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Sergey Şakurov başçılıq edəcək. Dəvət olunmuş qonaqların arasında isə Polşa kinorejissoru, ssenarist və prodüser, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiya kinofestivalının “Qızıl şir” mükafatının sahibi Kşiştof Zanussi, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev, M.Qorki adına Uşaq və Gənclər Kinostudiyasının baş redaktoru Andrey Apostolov, “Tatarkino”nun direktoru Milyauşa Aytuqanova və digərləri var.
“Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalının müsabiqə proqramında Avstraliya, Azərbaycan, Hindistan, Çin, Myanma, İndoneziya, İran, Fransa, Qazaxıstan, Qırğızıstan, Litva, Nepal, Moldova, Ruanda və digər ölkələrdə lentə alınmış ekran əsərləri təqdim olunacaq.
Festivalın təsisçiləri Başqırdıstan hökuməti, bu respublikanın Mədəniyyət Nazirliyi, Əmir Əbdrazakov adına “Başkortostan” kinostudiyasıdır.
Mənbə: azertag.az