Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər. “Ana harayı” abidəsi 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə ucaldılmışdır.
Xocalı şəhəri fevral ayının 25-də atəşə tutulmağa başladı və erməni silahlı birləşmələri səhərə yaxın şəhərə daxil oldular. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 ahıl, yaşlı insan qətlə yetirildi, 8 ailə isə tamamilə məhv edildi. 487 nəfər yaralananların arasında 76 nəfər uşaq var idi. 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Xocalı vəhşiliklərini ilk dəfə lentə alan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Mərkəzi Kitabxanada kitab sərgisi və stend təşkil olunmuşdur.