2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…
Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.
Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Cənubi Qafqazın qədim mədəniyyət mərkəzi Tiflis şəhərində anadan olmuşdur.
Ömrünü müsəlman Şərqinin azadlığı uğrunda mübarizəyə həsr etmişdir.
O, XX əsrin birinci yarısında, bütün məzlum Şərq ölkələrinə nümunə ola biləcək Müstəqil Sovet Azərbaycanı qurmaq niyyətində idi. Proletariatın dahi rəhbəri V.İ.Lenin dünya inqilabının təşnəsi idi. Onun xəstələnməsi İ.V.Stalinin hakimiyyətə gəlməsi dövlətin siyasi kursunda dəyişikliyə ciddi təsir göstərdi. Xalqların birliyi, həmrəyliyi, hüquq bəyannaməsi və s. haqqında qəbul olunmuş qərarlar kağız üzərində qaldı.
N.Nərimanov oğlu Nəcəfə məktubunda ölkədə baş verən hərc-mərclik, özbaşınalıq yarandığından şikayətlənirdi.
N.Nərimanovun nəzərdə tutduğu böyük missiyanı həyata keçirməyə imkan vermədilər. Ölümündən sonra Sovetlər Birliyində 70 il N.Nərimanovu doğma xalqına unutdurmağa çalışdılar.
***
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin öz çıxışlarında söylədiyi fikirləri xatırlatmaq istərdim:
“1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik”.
1970-1972-ci illərdə Moskvaya göndərilən şikayət məktubları əsasında Moskvadan Bakıya yüzlərlə sorğu məktubları göndərilirdi. Akademik Cəmil Quliyev gecə-gündüz arxivlərdən sənədləri axtarıb tapır, dərhal Heydər Əliyevə təqdim edirdi. Hər gün Moskvaya, Kremlə cavab məktubları göndərilirdi.
Heydər Əliyev yazırdı: “Brejnev və Suslovla bu barədə söhbət etdik, amma onlara Nərimanovla əlaqədar yanlış məlumat çatdırılmışdı. O zaman Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev, həm də Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Ona görə də Sov.İKP Mərkəzi Komitənin ən məxfi sənədləri arasında Sov.İKP(b) MK Siyasi Bürosunun 1923-cü il 15 noyabr tarixli iclasının “ən məxfi” qrifli qərarını tapıb üzə çıxarmışdı. Yaroslavskinin rəhbərliyilə Bakıya göndərilmiş yoxlama komissiyasının nəticələri və Nərimanovun ərizəsi əsasında Siyasi Büro qərar çıxarmışdı: 1) Münaqişə bitmiş hesab olunsun; 2) Nərimanov yoldaş Mərkəzi Komitənin etibarını bütünlüklə qazanmışdır və Nərimanov yoldaşdan xahiş olunsun ki, istefa ərizəsini geri götürsün”.
Bu mənəvi əzab-əziyyət, sarsıntı iki il çəkdi. Heydər Əliyev xalqın mənəvi köməyi ilə dirəniş göstərdi. Çox mübarizə apardı, iki il çarpışa-çarpışa istədiyinə nail oldu, Mərkəzi Komitənin Siyasi Bürosunda Nərimanovun anadan olmasının 100 illiyi yubileyinin 1972-ci ildə keçirilməsi qərara alındı.
1972-ci ildə Heydər Əliyev Nərimanovun heykəlinin açılışındakı çıxışında demişdir: “Nəriman Nərimanov bu gün də bizimlədir. O, özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir”.
Heydər Əliyev Rusiyada Nərimanovun adının əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Həştərxan vilayətinin Nərimanov şəhərində Nərimanovun heykəli ucaldılmışdır. Ulyanovsk şəhərində Nərimanov prospektində (1977-ci ilin dekabrında) Nərimanov abidəsinin açılışında izdihamlı mitinqdə Heydər Əliyev çıxış etmişdir. Həmin il Bakıda Nərimanovun xatirə muzeyi açılmışdır.
Heydər Əliyevin misilsiz xidmətlərindən biri də Sovet Hakimiyyəti dövründə, millətçi-təmayülçü kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən, unudulmağa məhkum edilən Nəriman Nərimanova əbədiyaşar, mənəvi ölməzlik verdi, xalqa qaytardı, tariximizdə boşluğu bərqərar etdi.
Beləliklə, vətənini, xalqını, tarixini sevən millətin qeyrətli vətəndaşları Heydər Əliyevin dahiyanə xidmətini minnətdarlıqla yad edir.
***
Mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə nurani, ağsaqqal Molla Nəsrəddin əbasında, əlində əsa xalq arasında “Sizi deyib gəlmişəm”, – deyə öz həmvətənlərinə pənah gətirmişdi ki, Vətəni zülmətdən işıqlığa çıxarsın. XX yüzilliyin astanasında ictimai-siyasi aləmin yeni oyanış dövrü başlanmışdı. Bu inqilabi hərəkatın qüdrətli dalğaları gücləndiyi bir vaxtda “Molla Nəsrəddin” ədəbi-siyasi məcmuəsini, Cəlil Məmmədquluzadənin təbirincə desək, həyat özü, zamanın özü yaratmışdı. Və onun idealı da bu olmuşdu ki, Azərbaycan məmləkətində millət oyansın, inqilab ab-havasında öz torpağına sahib olsun, əkib-becərdiyindən özü bəhrələnsin. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə kimi onlarca hünərvər demokratik ziyalıların da idealı Azərbaycanı müstəqil, buxovlardan azad, məsud və xoşbəxt görmək idi. Bu gün anadan olmasının 150 illiyində xatirəsi əziz tutulan Nəriman Nərimanovun yaşadığı qısa ömründə (əlli beş ildə) vətən üçün, xalq üçün necə qəhrəmanlıqla çalışmasını minnətdarlıqla yad edirik.
Nəriman Nərimanov keçən əsrin 90-cı illərində taleyini Azərbaycanın mədəni mərkəzi Bakıya bağladığı ilk günlərdən çoxcəhətli ictimai fəaliyyətə başlamışdı. O, bütün şüurlu həyatını Azərbaycanın səadəti yolunda mübarizəyə həsr etməyə and içmişdi. Nərimanov son nəfəsinə qədər müqəddəs andına sadiq qaldı.
Nəriman Nərimanov müasirimizdir. O, öz söz-söhbəti, əməlləri ilə bu gün də yaşayır və ümumxalq işimizə kömək edir. Nərimanovun sözü ilə əməli bir olduğuna görə başı çox bəlalar çəkdi, lakin əyilmədi. Qəlbində xalqına olan böyük məhəbbəti qeyri-bərabər mübarizələrdə ona dayaq oldu. Büllur saflığın təcəssümü Nəriman Nərimanov təkcə Zaqafqaziyada deyil, bütün Şərq ölkələrində əməkçi müsəlman xalqlarına azadlıq və istiqlaliyyət yolunu göstərdi. “Bəşəriyyətin geri qalmış hissəsinə” – bacardığı qədər kömək etməyi özünə həyat məqsədi seçən Nərimanov realist və inqilabi demokratik ədəbiyyatın yaradıcılarından biri, tarixi, faciə janrının banisi, gözəl nasir, qüdrətli publisist, teatr xadimi, qayğıkeş müəllim, həkim, mətin inqilabçı, dövlət xadimi olmuşdur. Bu çoxcəhətli fəaliyyəti əsrimizin keşməkeşli ictimai-siyasi hadisələri qaynağında vüsət tapmışdı. Azərbaycan ictimai fikrinin bahadırı Nərimanovun odlu məşəl kimi yanan qəlbinin döyüntüləri bu gün həmişəkindən daha aydın eşidilməkdədir. Xalqın birliyi və suverenliyi, müstəqil Azərbaycanın bütün Şərqə nümunə olması onun ideallarının tacı idi. O, həqiqi beynəlmiləlçi kimi tarixən ayrılmaz tellərlə bağlı xalqların əlaqəsini qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıqda görürdü. Ona görə də birinci növbədə millətin özünü tanımasını, öz hüququnu dərk etməsini başlıca amil hesab edirdi. Nərimanova görə, dilin, məktəbin, mətbuatın və ədəbiyyatın milli məzmunu hürriyyətə bağlıdır. Onsuz heç bir millət özünü tanıyıb hüququnu qoruya bilməz.
Nərimanov məmləkət üçün işləyən hər kəsdən birinci növbədə vətənpərvərlik tələb edirdi. Onun fikrincə, “vətənin qədrini o kimsə bilər ki, vətən ilə ruhani rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün”. Bu baxımdan çox zaman bəxtimiz gətirmir, ona görə də başımıza olmazın müsibətlər gəlir, bəlalara düçar oluruq. Lakin təsəllimiz xalqımızın ictimai-siyasi hadisələrə fəal münasibəti, yeni təfəkkür tərzi və dirçəlişidir. İnanırıq ki, Nərimanovun vəsiyyətləri bütün keçilməz maneələrə, çətinliklərə qarşı mübarizədə, birlik və suverenliyin tam bərqərar olmasında xalqımızın yoluna nur çiləyən sönməz məşələ çevriləcəkdir.
“Əziz oğlum, əgər mənim həyatımı öyrənsən yəqin edərsən ki, hər halda 1925-ci ilədək başqaları üçün yaşamışam…”.
“Mənim əziz Nəcəfim! Hökmranlıq dalınca qaçma, o, adamı korlayır. Bir adama yaxşı bələd olmaq istəyirsənsə, onun bütün daxili aləmini, yaxşı, pis cəhətlərini bilmək istəyirsənsə, həmin adamı bir müddət hakimiyyət başına qoy; o, bütün ləyaqət və nöqsanlarını özü aşkar edəcəkdir. Əgər sən buna, yəni kütləni yalansız və riyasız öz ardınca aparmağa hazır deyilsənsə, ondan imtina etməyin daha yaxşıdır…
Amma kütlə səni qiymətləndirirsə, sənin rəhbərlikdə iştirakını zəruri sayaraq sənə etibar edirsə və sən də bu etimadın müqabilində ümumi işə həqiqətən fayda gətirə biləcəyinə əminsənsə, imtina etmə. Ancaq bir şərtlə: kütlənin istəyinin məcburiyyət nəticəsi deyil, könüllü olduğunu dərk edirsənsə. Əgər xəyalında zərrə qədər şübhə olsa ki, səni kim tərəfindən olursa-olsun, zorla seçirlər, yaxşısı budur ki, imtina et. Əks-təqdirdə sən nəinki kütlə arasında, həm də vicdanın qarşısında ləyaqətini itirərsən. Ləyaqətinə görə deyil, məcburiyyət nəticəsində hakimiyyət başında olduğunu hər dəfə dərk edəndə sən məlum bir vicdan əzabı çəkəcəksən, getdikcə hörmətin nəinki kütlənin, hətta öz gözündən də düşəcək…”.
Nərimanov Azərbaycanın gələcək xoşbəxtliyi üçün gənc nəslin düzgün, zamanın tələbinə uyğun təlim-tədrisinə diqqət yetirməyi müəllimlərin qarşısında təxirəsalınmaz vəzifə kimi irəli sürürdü. O, müəllim kimi yeni cəmiyyətə qədəm qoyan pedaqoji məktəbin ilk məzunlarına tövsiyələrlə müraciət edir. Onlara bütün çətinliklərə dözərək gənc nəsli zəhmətə alışdırmağa, cəsur, dəyanətli, doğruçul, sədaqətli vətəndaş kimi tərbiyə etməyə çağırırdı. Nəriman Nərimanov Azərbaycanı Şərq üçün bir məktəb səviyyəsində görmək arzusunda idi. O, deyirdi: “Əziz yoldaşlar! Təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin, ağır, məsuliyyətli bir vəzifədirsə, bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən istərdim, siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz:
Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar, yəni başqasının yox, öz zəhmətinin qüvvəti ilə ehtiyaclarını rəfedici olsunlar. Bunun üçün balalara təbiəti sevdirmək, onları təbiətin əlamətləri ilə maraqlandırmaq lazım gəlir.
Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qatığa qara” deməsinlər.
Amandır, yoldaşlar! Buna yaxşı fikir veriniz. Mənsəbdən ötrü yalan söyləyən, gündə vicdanını satan ikiüzlü adamlar – bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima əlaqədar olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki uşaq gördüyünü tez götürər.
Biz iddiamızdan əl çəkmirik: Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağıq…
Ona binaən dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm”.
XX əsr Azərbaycanın ictimai-siyasi fikir tarixində Nəriman Nərimanovun xidmətləri danılmazdır. Onun doğma xalqı, vətəni uğrunda mübarizəsini, ədəbi fəaliyyətini əks etdirən monoqrafik əsərlər az yazılmamışdır. Lakin yüz ildən çox keçməsinə baxmayaraq, N.Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə subyektiv mülahizə söyləyənlər tapılır. Bunun başlıca səbəbi real tarixi hadisələr, hər hansı ictimai-siyasi xadimin fəaliyyəti tarixilik baxımından, yəni dövrü, şəraiti dərindən öyrədilmədiyinə görə baş verir. Əgər araşdırmaçı-alim xüsusi tədqiqat aparmadan bir problem barədə fikir söyləmək istəyirsə, mövcud ədəbiyyata, mötəbər sayılan elmi-monoqrafik əsərlərə müraciət edə bilər. Əks halda, tarixi hadisələrə müxalif təfəkkürlə birtərəfli, subyektiv yanaşmaqla yanlış yola düşə bilər. Türkiyə filoloqu Yavuz Bülənt Bakilərin 2009-cu ildə İstanbulda “Türk edebiyyatı vakfı” nəşriyyatında çap etdirdiyi “Azərbaycan ürəyimdə bir şah damardır” kitabında Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə söylədiyi yanlış fikirlər bu cəhətdən səciyyəvidir. Əslən qarabağlı olan Yavuz Bülənt Bakilər Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliğ edilməsində müəyyən xidmətləri olan ədəbiyyatşünas alim kimi tanınır. Lakin çox təəssüf ki, o, bəzən Azərbaycanda dərc olunmuş müxtəlif məsləkli əsərləri saf-çürük etmədən mötəbər mənbə kimi qəbul edir, onların təsiri altında yanlış mülahizələr də söyləyir.
Azərbaycanın tarixi müsibətindən xəbərsiz olan, 1920-ci illərdə baş verən hadisələrin mahiyyətini bilməyən Yavuz bəy o dövrün tarixi hadisələrini şərh edərkən ölkəmizə qarşı düşmənçilik siyasəti yeridən dönüklərin mülahizələrinə əsaslanır. XI Qızıl Ordunun Azərbaycanı işğal etməsinə, Azərbaycan neftinin Rusiyaya daşınmasına, rus ordusunun Azərbaycanda yerləşdirilməsinə, məscidlərin bağlanmasına, repressiya dövründə sürgünlərə, “fikir, sənət adamlarının sürgün və qətliamlarına”, sovet rejimi dövründə baş verən bütün neqativ hadisələrə görə Nəriman Nərimanovu ittiham edir, onu suçlayır.
Azərbaycan müxalifətinin və doğma xalqına qarşı cinayət törədib xaricdə ömrünü çürüdən dönüklərin sərsəmləmələrini Yavuz əfəndinin təkrar etməsi təəssüf doğurur. Zatən qarabağlı olan, “Azərbaycan ürəyimdə bir şah damardır” – deyən Yavuz Bülənt Bakilərin Azərbaycan sevgisinə şübhə etmirik. Amma yaxşı olardı ki, o, tədqiqatlarında əsaslı mənbələrə istinad edib 1920-ci illərin hadisələrinə tarixilik baxımından yanaşaydı.
Populist cızma-qara yazılarla müxalif cəbhənin fikirlərini təbliğ edərək tarixi həqiqəti unutdurmaq olmaz. Azərbaycanda və xarici ölkələrdə nəşr olunan böhtan dolu mənbələrdən bəhrələnən cənab Yavuz Bülənt Bakilər heç olmasa Nəriman Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair”, “V.İ.Leninə məktub”, “Oğlum Nəcəfə məktub”, “Qarabağ məsələsinə dair sənədlər” tarixi materialları ilə tanış olsaydı, iftira və böhtan danışmazdı. Bu tarixi sənədlər müəllim, yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovu Azərbaycan xalqının qeyrətli, təəssübkeş fədakar oğlu kimi səciyyələndirir. Onun vətən, xalq taleyi uğrunda təkbaşına ölüm-dirim mübarizəsi aparmasını, pərvanə kimi özünü atəşə atdığını sübut edir.
Burada, “Qarabağın taleyi” ilə əlaqədar bir hadisəni xatırlatmaq istəyirəm: 1921-ci il iyulun 4-də RKP MK Qafqaz bürosu plenumunda Stalin, Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazarapetyan, Oraxelaşvili və Fiqatner Qarabağ məsələsini müzakirə edirlər. Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək qərara alınır. Nəriman Nərimanov bu qərara etiraz edir, “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onu RKP MK-nın qəti qərarına keçirilməsini” təkid edir. Bununla da kifayətlənməyib Leninə zəng vuraraq qəti etirazını bildirir.
Ertəsi gün, 5 iyul 1921-ci ildə Qafqaz bürosu plenumu həmin tərkibdə toplaşaraq Qarabağ haqqında qərara yenidən baxmalı olur. Nəticədə Dağlıq Qarabağın Azərbaycan SSR-in hüdudlarında saxlanması qərara alınır (bax: Nəriman Nərimanov. “Məktublar və Qarabağ məsələsinə dair sənədlər”. B., 2002, səh. 88-92).
Nəriman Nərimanov Mərkəzi Komitəyə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə dair” məxfi məktubunda ermənilərin Dağlıq Qarabağdan əl çəkmədiklərini ciddi tənqid edir. O, İ.V.Stalinə açıq-aşkar yazır: “Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir”. “Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı…”. “Mirzoyan erməni daşnak müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi… Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır” (orada, səh. 75). Nəriman Nərimanov Dağlıq Qarabağın ermənilik və xristian təəssübkeşlər qaragüruhu tərəfindən Ermənistana birləşdirilməsinə imkan vermədi. O vaxt belə bir cəsarəti ancaq xalq, vətən yolunda ölümdən qorxmayan böyük bir şəxsiyyət edə bilərdi.
Xatırlatdığım bu məsələ Nəriman Nərimanovun mübarizəsi və mövqeyi barədə aydın təsəvvür yaradır. Tarixi həqiqət hər cür yalan və iftiranı rədd edir.
Azərbaycan xalqının böyük oğlu, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun büllur, saf şəxsiyyətinə heç kəs kölgə sala bilməz. O, əbədiyaşardır.
Milli dəyərlərimizin hamisi Heydər Əliyev öz çıxışlarının birində demişdir:
“Şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məhəmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz.
…Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur… Tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir. Onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz…
Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir”.
***
Nəriman Nərimanov şərəfli, ibrətamiz ömür yolu keçmişdir. O, bütün həyatı boyu ürəyini məşələ çevirib bəşər övladının məsud, əmin-aman, müstəqil yaşaması uğrunda mübarizəyə aparmışdır.
Nəriman Nərimanov Kərbəlayi Nəcəf oğlu 1870-ci il aprelin 14-də Gürcüstanda Tiflis şəhərində anadan olmuşdur. Tiflis ruhani məktəbində ibtidai təhsil almışdır (1879-1885). Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir (1885-1890). Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlamışdır (1890-1891). Bakıda Pobedonostsevin şəxsi progimnaziyasında (sonra imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında) müəllim, müfəttiş işləmişdir. İlk xalq qiraətxanası açmışdır (1894). “Nadanlıq” (1894), “Şamdan bəy” (1895), “Nadir şah” (1899) pyeslərini, “Bahadır və Sona” (1896-1908) romanını nəşr etdirmişdir. Eyni zamanda “Tərcüman”, “Kaspi” qəzetlərində ilk məqalələrini dərc etdirir. Bu dövrdə N.V.Qoqolun “Müfəttiş” komediyasını doğma dilə çevirir (1892), məktəblilər üçün dərsliklər tərtib edir: “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, Müəllimsiz türk dilini öyrətməkdən ötrü ruslar üçün asan kitabça” (1891-1900), Müəllim və aktyor kimi tanınır (1891- 1902), Odessa şəhərində Novorossiya İmperator Universitetinin tibb fakültəsində təhsil alır (1902-1908). Burjua demokratik inqilabi hadisələri ilə əlaqədar universitet müvəqqəti bağlandığı vaxtlar (1905-ci ilin payızından 1906-cı ilin sonlarınadək) Bakıda “Hümmət” təşkilatına daxil olur. “Nicat” maarif cəmiyyətində teatr və konsert tamaşaları, ədəbi dərnəklər təşkil edir. İran sosial-demokrat təşkilatının yaradıcılarından biri kimi, ictimai-siyasi və publisistik fəaliyyəti ilə İran inqilabına kömək edir.
RSDFİ məramnaməsini Azərbaycan dilində tərcümə edir. Qafqaz müsəlman müəllimlərinin I qurultayının təşkili və keçirilməsində ciddi çalışır (1906, 15 avqust) “Həyat”, “İrşad” qəzetlərində “Nər”, “Arı bəy” imzaları ilə felyeton, siyasi-publisist və ədəbi tənqidi məqalələrini çap etdirir. Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakı səhərində müalicəxana açmaq istəsə də icazə verilmir (1908). İran inqilabçılarına yaxından kömək məqsədi ilə Tiflisə gedib orada işə düzəlmək istəyir (1909). Təqib olunduğundan həmin ilin mart ayının 1-də həbs olunur (1909, sentyabr). İlk gündən burada həkimlik etınəyə “Xolera-vəba”, “Çixotka-vərəm”, “Aləmi-nisvan”, “Tibb və İslam”, “Əyyaşlıq” mövzularında mülahizələr oxuması onu xalq həkimi kimi tanıdır. “Bührani-tərəqqi”, “İdel”, “Prikaspiyski kray” qəzeti redaksiyaları ilə sıx əlaqə saxlayır, elmi-publisistik məqalələrlə çıxış edir. “Ümumrusiya vərəmə qarşı mübarizə cəmiyyəti” Həştərxan şöbəsinin üzvü kimi “Ağ çiçək” həmrəylik mərasiminin təşkili və keçirilməsində fəal çalışır. İnqilabçı-demokrat tatar şairi Abdulla Tukayla şəxsən tanış olur (1911). Professor İ.İ.Meçnikovu “Şurayi-islam” cəmiyyətinin ziyalıları adından təbrik edir, onun vərəmə qarşı mübarizəsində köməkliyini əsirgəmir. Həştərxan Xalq Universitetinin sədri seçilir (1912-1913). Sürgündən sonra Bakıya qayıdıb “Qara şəhər”də xəstəxana müdiri vəzifəsinə işə düzəlir. İctimai və ədəbi fəaliyyətini gücləndirir. Bədii əsərlərini yenidən nəşr etdirir. Dövri mətbuatda ədəbi-publisistik məzmunlu məqalələrlə çıxış edir. “Xalq evi” cəmiyyəti idarə heyətinin üzvü, “Qənaət” kooperativi idarə heyətinin sədri seçilir. Gizli inqilabi fəaliyyətini leqal ictimai fəaliyyətlə əlaqələndirir. Fəhlələrin Rusiya imperiyası hakimiyyətinə qarşı mübarizəyə hazırlanmasında ciddi işlər görür. “İqbal”, “Bəsirət”, “Açıq söz” və s. qəzetlərdə “Arı bəy”, “Nər”, “Doktor N.Nərimanov” imzaları ilə tibbə dair elmi-kütləvi məqalələr ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini çap etdirir (1913-1916). “Tənqid gecələri” ədəbi dərnəyi təsis edir. Bu məclisdə yeni çıxan əsərlər müzakirə olunur (1914). Bolşevik “Hümmət” təşkilatı komitəsinin sədri və RSDF (b) II Bakı komitəsinin üzvi seçilir. “Hümmət” bolşevik qəzetinin “El həyatı” jurnalının baş redaktoru olur (1917-1918). Şəhər dumasına və Müəssislər məclisinə namizəd göstərilir (1917). Bakı Xalq Komissarları Sovetinin tərkibində şəhər təsərrüfatı komissarı kimi çalışır (1918). Bakı qəza kəndli deputatları Sovetinin I qurultayının təşkilatçılarından biri kimi tanınır. Ağır xəstələndiyinə görə 1918-ci ilin iyun ayında Həştərxanda Tinaki palçıq müalicəxanasında müalicə olunur. Çox çəkmir ki, Həştərxanda ictimai-siyasi fəaliyyətini davam etdirir. Burada Həştərxan vilayətinin müsəlman işləri üzrə hərbi-siyasi komissarlığın səhiyyə şöbəsinə rəhbər, Həştərxan quberniya maarif şöbəsinin müdiri, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifələrində çalışır. Moskvaya çağırılır. RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri, həm də Xalq Milli İşlər Komissarının müavini təyin olunur. Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü kimi ona Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi həvalə edilir. Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsi ərəfəsində Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-in sədri seçilir (1920, 7 aprel). Şərq xalqlarının birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edir (1920, sentyabr). “Şərq xalqlarının təbliğat və fəaliyyət Şurası” tərkibinə seçilir. Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən biri olur. RK (b) XII-XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilir. İtaliyada, Beynəlxalq Genuya konfransında sovet nümayəndə heyətinin tərkibində olur (1922). SSRİ MİK sədri seçilir (1922, dekabr). Ölkə daxilində ən mühüm dekret, qərar və müraciətnamələrin, eləcə də xarici siyasət tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində fəal çalışır. Şərqşünaslıq Elmi Cəmiyyətində və onun “Novıy Vostok” jurnalında əməkdaşlıq edir.
1925-ci il martın 19-da Moskvada qəflətən ürək partlamasından vəfat edir, martın 23-də orada Kreml divarları qarşısında dəfn olunur. Onun vəfatı ilə ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. 23 mart matəm günü elan edildi. Hər yerdə dövlət bayraqları 5 dəqiqəliyə endirildi, toplardan yaylım atəşi açıldı.
Moskvada Şərqşünaslıq İnstitutu uzun müddət onun adını daşıyıb. Moskvada, Bakıda, Həştərxanda, Ulyanovskda, Marneulidə keçmiş SSRİ-nin digər şəhər və rayonlarında adına küçə, meydan, məktəb və s. qoyulub, Bakıda və bir sıra yerlərdə abidəsi ucaldılıb. Moskvada yaşadığı binada qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi, Tbilisidə və Bakıda xatirə muzeyi açılıb. Onun haqqında bədii və sənədli filmlər çəkilib, ədəbi musiqi, rəssamlıq əsərləri yaradılıb.
Nəriman Nərimanovun həyat salnaməsi – onun ictimai-siyasi və dövlət xadimi, ədib, müəllim, həkim kimi çoxcəhətli fəaliyyəti haqqında təsəvvür yaradır. Onun titanik zəhmətinin istiqaməti ömrünü sərf etdiyi idealı, bəşərin əzəli Şərq xalqlarını əsarətdən xilas etmək, istiqlal yoluna, xoşbəxtliyə qovuşdurmaq olub.