Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey idi…
Yoldaşlar arasında çox vaxt Azadı öz adı ilə çağırmazdılar. Dinməzliyinə görə ona sükuti deyirdilər…
O, dünyaya gəldiyi zamandan xoş bir gün görməmişdi… Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış köhnə həsir… Gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan bir ay əvvəl atası ölmüşdü. Anası səlimə xala evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü… Dünyada yeganə ümidi və həyatının məqsədi o idi.
Yaxşı yadımdadır… Bizim beş-altı yaşımız olanda hər axşam səlimə xala yatmamışdan qabaq bizə nağıl danışardı… Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı…
Bir dəfə adi payız axşamlarından birində o bizim başımızı dizi üstə alaraq yenə həzin-həzin oxuyur, söylənir, mahnılar deyirdi. Yarpağı tökülmüş ağaclardan, qərib və yuvasız quşlardan, arxlara dolmuş xəzəllərdən danışır, tez-tez Azadın adını çəkir, gah da əyilib üzündən öpürdü. Mən yuxuya getdikcə onun uzaqlardan gələn səsini eşidirdim. Qulağıma kəsik-kəsik sözlər gəlirdi: “Tək balam, yuvamın quşu balam… yurdumun daşı balam…”. Azad isə sakit-sakit yuxulayırdı.
İki il o mənimlə bir yerdə məktəbə getdi. Orada da Azad heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynadığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Doqquz yaşı olanda anası onu oxuda bilməyib, məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsində kiçik bir dərzi dükanında şagirdliyə düzəltdi.
İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim dostluğumuz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni qəzəbləndirdiyi halda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.
Acıqlı olduğu günlərdən biri yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab[1] bizi evdən qovmaqla təhdid etmişdi[2]. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.
– Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, danişgahda[3] oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi də işləməyəndə, mən nə zaman işləyəcəyəm?!
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işinə məşğul oldu… Söz bura çatan kimi, o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi…
– Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var… Kim bilir, bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq… Bu iyirmi dörd ildə biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?.. Yaşaayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya aclıqdır… Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi[4] götür… Bir heyvanın həyatı onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur. Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa min cür əziyyət verirlər… Mən ki belə həyatı istəməzdim… Bir iş görmək istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsünlər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm… Heç olmasa ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı rəhmətlə çəkərlər!
Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu… Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim… O, yerindən tərpənmədi, mən onun üzünə baxıb acıqla dedim.
– Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü? Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki, bizcə, həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq… Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar… səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı… Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı… Allah rəhmət eləsin!
Özümü dükandan küçəyə atarkən onu səsini eşitdim.
– Fərda, Fərda!..
Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim?.. Onun təqsiri nədir? Bir könlü ki, tikə bilməyəcəksən, niyə yıxırsan? – deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolaşdım. Evə qayıdan zaman düşünürdüm ki, yəqin, indi şeylərimizi həyətə atmışlar. Anam astanada oturub məni gözləyirdi.
– Nə var, ana, hələ ərbabın adamı gəlməyib ki?..
– Gəlmişdi, oğul.
– Nə dedi?
– Nə deyəcək, pulunu alıb getdi.
– Pulu haradan tapdın, ana?
– Necə haradan tapdım, oğul! Azad gətirdi, dedi ki, sən vermisən.
Mən barmağımı dişlədim. anamın qolundan tutb içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən günkü kobud rəftarım üçün üzr istədim. O, heç bir söz demədi, gözlərini bir nöqtəyə dikib durdu.
Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xala və Azadla halallaşıb Təbrizdən ayrıldıq.
* * *
Tam beş il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tutur və özümdən də ona xəbər çatdırırdım. Bu beş ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci dünya müharibəsi başlanmış, Azərbaycanın istər şəhər və istərsə kəndlərində camaat hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa, evlərdə, həyətlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdılar. Mən günlərimin nə cür gəlib keçdiyini bilmirdim. Biz Azərbaycan üfüqlərində işıqli bir günəş doğduğunu hiss edirdik. Hadisələr də çox sur`ətlə inkişaf edirdi… bir neçə ay sonra biz kənddə mitinq keçirib, Azərbaycan xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də var idim.
Noyabr ayının 18-də biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət var idi. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü… Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xalanı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.
– Təbrizdə yoxdur, – dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər… Axı indi o da demokratdır. Mən də demokrat olmuşam, oğul. Allaha təvəkkül. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun. Xoşuma gəldi. Getdim yazıldım. İndi də komitəmizdə iclas olacaq. Gəl otur, sənə bir stəkan çay verim, sonra gedərəm.
Mən sevinc, heyrət və təəccübümü gizlədə bilməyərək:
– Sağ ol, Səlimə xala, – dedim,–Get, iclasa gecikmə. Təəssüf ki, Azadı görə bilmədim. Məndən ona salam deyərsən.
– Deyərəm oğlum deyərəm. Sən də gecəni heç yerdə qalma. Evimizə gəl. Gözləyəcəyəm, gəl ha… – deyib getdi.
Zəncandan pis xəbərlər gəlirdi. Bir yandan yerli, bir yandan da Tehran mürtəceləri[5] və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də var idim. Mən Təbrizdən çıxmamış Səlimə xalaya baş çəkməyi özümə borc bildim. O, Azada salam göndərdi. Bir cüt corab, bir də yun şərf büküb verdi. Soyuqdur, ona yetir, – dedi. Mən də onu anama, anamı da ona tapşırdım. Hər ikisinə ürək-dirək verib yola düşdüm.
Sabahısı günü biz Zəncana çatdıq. Şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə qırğın yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikirlərini pozmaq üçün Zəncanın demokrat təşkilatı fədailərdən[6] bir neçə dəstə cənuba göndərmişdi. Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim… Elə bu zaman xəbər gəldi ki, mürtəcelər ilə fədailərin ilk dəstəsi… “X” kəndinin yaxınlığında qarşılaşmışdır… azca atışmadan sonra onlar kəndə çəkilmiş və ətrafı möhkəmlətmişlər. Fədailər dəstəsi kəndi dörd tərəfdən mühasirəyə almışdır… Bu dəstənin başçısı Azad idi.
Həmin gecə biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq… Azad dörd tərəfdən kəndə hücuma keçmişdi. Bərk atışma gedirdi və fədailərin bir qismi artıq kəndin içinə girmişdi. Qaş qaralana yaxın şərq tərəfdən Azad özü qabaqda olmaqla, fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq… Mən tez özümü ona çatdırmağa çalışdım… Bu mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin[7] üstə uzatmışdılar. Başının altında yastıq var idi. Çuxasını üstünə salmış, beşaçılan tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə hazır durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım… Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı… Mən yavaş addımlarla onun başı üstünə gədim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:
– Azad, sənə nə olub?
O, heyrət və təlaşla gözlərini açdı… Üzümə baxdı. Bütün siması qəribə bir təbəssümlə işıqlandı. Mühribanlıqla başını dizimin üstə qoyub:
– Bu saat səni düşünürdüm, – dedi. – Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyi nisgilli gedəcəkdim…
– Nə danışırsan, Azad, qardaşım?–dedim.–Biz hələ təzəcə yaşamağa başlayırıq… Dünyadan getmək nədir, bu nə sözdür sən ağzına alırsan? Sənə nə olub, harandan yaralanmısan?
O, əli ilə sağ çiyninin altını göstərdi… Güllə qabaqdan dəyib, daldan çıxmışdı. Ciyərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o, sözümü kəsdi:
– Bunlara ehtiyac yoxdur, – dedi. – Mən ölürəm… Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə, mənə yaxşı qulaq as, mən danışmaq istəyirəm. Yadındadırmı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən “Nə üçün yaşayırıq, həyatın mə`nası nədir?”–deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək, acıqlanıb getmişdin. Yadındadırmı?.. Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mə`nası vətənimizin səadəti üçün çalışmaqdadır… Amma o zaman mən danışa bilməmişdim… Çünki danışmaqda bir mə`na yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir… Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır…
O, azca udqundu. Yenidən ahəstə-ahəstə davam etdi.
– Anam, yurdum, doğma Azərbaycan, məni bağışla… Sənə az fayda verdim, az yaşadım, tez öldüm! – deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.
– Öpünüz, səcdəyə qapanıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz…
Mən onu qucaqlayıb yerində uzandırdım…
– Sakit ol, Azad, özünü üzmə, qardaşım! – dedim.
Özüm də bilmədən gözümdən süzülən yaş damcıları onun alnına düşdü. O, kirpiklərini qaldırıb gözümə baxdı və yenə də gülümsədi:
– Budur, həyatın mə`nası, – dedi. – Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah… Bu, şərəfli bir ölümdür… Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız… Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamların nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz! Qoy gələcəyin azad nəsillərinin ayaq səsi, qəbirdə də olsa, qulaqlarıma çatsın!
Alnına xəfif bir tər gələndə o, gözlərini bir daha mənə tərəf çevirdi.
– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır… – dedi və əbədi olaraq gözlərini yumdu.