Ey mənim arxamca yumruq oynadan,
Bərkə çox düşmüşəm, qorxaq deyiləm.
Ayağım yer tutur, əlim əldədir,
İnsandan, torpaqdan uzaq deyiləm.
Əzəldən həm eşqim, həm nifrətim var,
Canımda tükənməz hərarətim var,
Bir qəlbdə min sözüm, min söhbətim var,
Həyatda beşgünlük qonaq deyiləm.
Ölçmə hər yetəni öz sağ, solunla,
Tərpətmə qayanı gücsüz qolunla,
Hüseynə dərs demə, yeri yolunla,
Mən dünya görmüşəm, uşaq deyiləm.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.