Bir həyat şairi var,
Bir də vaxt şairləri.
Eldən, gündən xəbərsiz,
Saray, taxt şairləri.
Biri haqqa daş atar,
Biri kölgədə yatar.
Kim sevib, kim yaşadar
Bu bədbəxt şairləri?
Biri var, üzdəniraq,
Haça dil, hazıryaraq.
Qapı, baca, künc, bucaq,
Əl-ayaq şairləri.
Hüseyn Arif, nə xəbər,
Nə qədərmiş, nə xəbər.
Başsız başa keçənlər,
Xalqsız xalq şairləri.