Azərbaycan Yazıçılar Birliyinin üzvü

Əslən Kürdəmir rayonunun Sor-Sor  kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhid olduqdan sonra “Vətənin müdafiəsinə görə” medalı ilə təltif edilmiş  gizir Məmmədov İsmət Hikmət oğlunun əziz xatirəsinə ithaf edirəm.                                 

Yaxın gəlin, sizinlə tanış edim İsməti,
Orduda gizir idi, vardı, xətir-hörməti,
Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti,
Deyirdi, borcumuzdur, azad etmək torpağı,
Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

Sənətini sevirdi, mərd idi, qoçaq idi,
Hər döyüşdən çıxanda qalib, üzü ağ idi,
Məğrur, cəsarətliydi, qorxudan uzaq idi,
Hər zaman xoş gəlirdi, onun səsi, sorağı-
Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

Aprel döyüşlərində göstərmişdi şücaət,
Hamı görmüşdü onda, var nə qədər cəsarət,
İnsanı ucaldıbdır hər bir zaman ləyaqət,
Qalib kimi keçmişdi, imtahanı, sınağı,
Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

Əməliylə qazanır insan şöhrəti, şanı,
Canından çox sevirdi doğma Azərbaycanı,
İsmətgil xilas etdi, o kəndi – Suqovuşanı,
Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı,
Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya,
İndi əziz övladdır bütün elə-obaya,
Əhsən, İsmət böyüdən, gözəl, ata-anaya,
Ot kökü üstə bitər, bunu, bilirik, axı,
Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

Hələ yeni dil açır, Dəniz – o şirin bala,
İsmətdən bir xatirə, bizə əmanət qalan,
Böyüyüb bilər: -ölmür şəhidliyə ucalan,
Ana yurdun başlayıb xoş günü, xoş sorağı,
Düşməndən azad etdik, o gözəl Qarabağı.
31.01.21.