GEDƏYDİN…

Sən gedənnən ömür olub üzücü,
sevdiyimə gərək peşman edəydin?
bu tərəfdən yol salanda,gözucu,
heç olmazsa bir az baxıb gedəydin,

Yaşamaqda ürək həsrət çəkərək,
ayrılığın zindanına çökərək,
özgələrə tapşırmağa nə gərək?
komamızı özün yıxıb gedəydin,

Gəncliyimdən tək xatirə qalma-sən,
mən dözərəm,amma gülüm, solma sən!
sellərimdə ən sonuncu damla-sən;
ürəyimdən özün sıxıb gedəydin,

Qorunarsan baharımda, qışımda,
ayrılığın uçrumları qarşımda,
qara bulud timsallısan başımda,
qalmaqdansa,gərək yağıb gedəydin,

Qayıdarsan,o da olar bir anlıq,
səni alar yuxumdakı qaranlıq,
sənsiz ömür pərən-pərən, dağınıq;
ətəyinə məni yığıb gedəydin…

SOYUQLAŞDIN…

Soyuqlaşdın,dünya kimi havan dəyişib,
belə getsə-durna kimi uçub gedəcəm,
eşitmişəm,gülüm,yenə yuvan dəyişib!
mən səninlə hankısına köçüb gedəcəm?

Bir-bir sənə bağlandığım tellər qırılır,
baxanı yox!-bəslədiyin güllər qırılır,
çooox uzandı bu ayrılıq,illər qırılır,
bu sevginin hər şeyindən keçib gedəcəm.

Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı,
pozmzq olmur,ahd-peyman min cürə bağlı,
getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı,
düyünləri inadımla açıb gedəcəm!

Bundan sonra söz olacaq qüssələrinki,
dəyişmişik;nə sən o san,nə mən həminki,
sən özgəyə qismət oldun,mən özgəninki,
tutub-zorla aparsan da qaçıb-gedəcəm.

Deməmişdik:” bu ülfəti edək yarımçıq”,
boy vermədi-eşqin gülü gödək,yarımçıq,
şərəfimə qaldırdığın qədəh yarımçıq!!
bəs demişdin:”Sağlığına içib gedəcəm…”

“SƏNİNLƏ” kitabından