Aludə olub zülmət tanrıcasının zümzüməsinə
17 oktyabr 2020-də
göy üzünəmi zilləndi körpə baxışların?
Buludlarda əyləşən mələklərin laylasını dinlə,
Mədinə, getmə…
Ölüm bumbuz öpüşlərini səpdikcə dodaqlarına…
Titrəyib soldu körpə əllərinin hərarəti…
Qanadlandı göz bəbəklərindən neçə-neçə qaranquşlar,
Gecənin Amozonvarı göz yaşlarını hiss edirsənmi?
Mədinə, su istəyirsənmi?
O gecə qan rəngində idi bütün ulduzlar,
ay da dəyişmişdi libasını…
Planet-planet uzaq olmalıydı ölüm sənə
Mələklərmi toxudu bəmbəyaz kəfənini?
O gecə için-için ağladı bütün qalaktika…
Mədinə, lütfən, oyan, yatma…
Ürəyinin getdikcə zəifləyən tik-takları
Dəyişə bilərmi dövranın axsaq nizamını?
Sıxmısan körpə əllərini dünyanın ədalətinə
İcazə ver öpüm ovuc içlərini…
Mədinə, aç əllərini…
O gecə güllə yağarkən Nizaminin
yurduna…
Sən sonuncu sülh göyərçini idin, Mədinə…
Qanadlanıb sığındın pəmbə buludlara…
Bir il dörd aylıq ömründə
Qucaqladın ölümü sakitcə,
Daşıyaraq milyonların məsumiyyətini
Addımladın əbədiyyətə…
Bütün dillərdə əzbər kimi qaldın
Üzündəki qorxulu yuxunu necə dartıb alım?
Necə bəxş edim dodaqlarına gülüşləri?
Mədinə… Mədinə… Mədinə,
Eşidirsənmi?