Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sən, Dədə Qorqudun yadigarısan
Xalqımın kimliyi, etibarısan,
Bütün Türk elinin iftixarısan,
Harada səslənsən əhval olur saz,
Necə də doğmasan bizə, telli saz.
Yolların çətindir, daşlı – kəsəkli,
Daima olmusan aydın məsləkli,
Nəğmələr demisən təmiz diləkli,
Qarda, sərt boranda gətirmisən yaz,
Necə də doğmasan bizə, telli saz.
Hər zaman kökdəsən, həyatcanlısan,
Ələsgər, Azaflı, Tufarqanlısan,
Koroğlu, Qurbani, Bozalqanlısan,
Qoşaca qanaddır xoş söz, xoş avaz,
Necə də doğmasan bizə, telli saz.
Saz ilə söhbətin yeri başqadır,
Evlərdə məkanın daim başdadır,
Sənlə keçən ömür, vallah, bal dadır,
Sənsiz məclislərin ləzzəti olmaz,
Necə də doğmasan bizə, telli saz.
Xəbər gətir böyük Turan elindən,
“Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən,
“Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən –
Dinləsəm, heç zaman ürəyim doymaz,
Necə də doğmasan bizə, telli saz.