Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

Bənövşəli arzular və ya gül ömrü…
Qəribədir ki, insanların ən gözəl günləri, arzularının bahar dövrü belə gül ömrü yaşayır… Gözəl nə varsa gül ömrü qədərdi bu dünyada… Həyatımızda…Biz dünyanın baharında özümüzü görmək istəyirik… Təkcə özümüzü yox amma… Sevdiklərimizi də görmək istəyirik dünyanın uydurduğumuz baharında… Bir gül ömrü… Bir gül ömrü nə qədərdi görəsən?
Bir gül ömrü oldu baxışların yar
Bir gül ömrü bir yaz ömrü
Həsrətimi ilmə-ilmə
toxumuşam sənsizliyin əzabına
Adamına
O yaz ömrü
O az ömrü…
Sənin ömrün payız ömrü
Xəzan ömrü
Uçub gedən bir quş ömrü
Qısa yağan yağış ömrü
Yağış ömrü
Bilirsənmi
yağış döydü biz tərəfin toz-torpağın
Küçələrin gedənlərin gələnlərin
Getdin getdin
Gəlmədin yar gəlmədin yar
gəlmədin…
Yarpaq oldun
Düşdün düşdün torpaq oldun
Dinmədim yar dinmədim yar
Susdum susdum
Susqunluqdan ölmədim yar
ölmədim yar
ölmədim…
Lal dilimdə yandı bahar
Səadətin gerçək ömrü
Çiçək ömrü
Ləçək ömrü
Görmədin yar
Bilmədin yar
Bilmədin yar
Bilmədin…
Bir gül ömrü oldu sənli zamanım
Bir gül ömrü
Bir yaz ömrü
O az ömrün
O az ömrün
O az ömrün…
Elçin Aslangil deyir bunu… Gül ömrünü belə deyir.. Belə bəzəyir… Belə naxışlayır… Belə ağladır gül qədri bilənləri…
Uzun zaman sonra gül ömrünə düşdü yolum… Məcazi mənada demirəm… Həqiqətən… Bu gün bənövşəyi don geydim… Əslində ən sevdiyim rənglər boz, ağ, qara, mavidir… Ancaq elə gün olur ki, qırmızını sevirəm, elə gün olur da yaşılı… Deyirlər, hər gün bir rəngi sevənlər şizofreniya xəstəliyinə tutulmaq ehtimalı ilə yaşayırlar…Deməli, mən də ola bilərəm şizofrenik… Olum da… Nə fərqi var ki, ya bu diaqnozu həkimlər qoysun, yaxud, ətrafımdakı insanlar desin? Desinlər də…
Bu gün bənövşəyi don geydim… Hər gün keçdiyim küçədə fərqli nəsə vardı… Küçənin tən ortasında, buta şəkilli oturacaqda bir qoca nənə oturmuşdu. Elə bil “üzündən nur yağırdı” kəlmələrinin izahını vermişdi Yaradan bu nənənin simasında…Ona yaxınlaşırdım… Üzümə baxıb gülümsədi… Yaxınlaşdıqca bənövşə ətri bürüdü məni… Nənə bənövşələrdən dəstə bağlayıb oturacağa düzmüşdü. Gələn-gedən kim vardısa hamısını incə bir təbəssümlə bənövşə almağa çağırırdı… Məni də qatdı çağırdıqlarının sırasına:
-Ay bənövşə, gəl sən də bənövşə apar… Dəstəsi 20 qəpikdi… 20-cə qəpik…
Ürəyim atlandı… Məni “bənövşə” deyə çağırdı bu nənə… Düşündüm ki, niyə görəsən qızları çiçəklərə bənzədirlər? Bütün çiçəklə, güllə bağlı əfsanələrimizdə deyilir ki, Lalə gözəl bir qız imiş, Bənövşə dünya gözəli imiş, Nərgiz kəndin gözü imiş və sair və ilaxır… Qızların gözəlliyindən danışanda yenə də güllərə istinad ediblər. Qızılgül yanaqlı, qönçə dodaqlı, badam ağızlı…
Və mənə bənövşə dedi gülsatan nənə… Ürəyimdən elə keçdi bir dəstə bənövşə əlimdə iyləyərək yol getmək… Yazın qoxusunu ciyərlərimə çəkmək… Bənövşələrin rəngini donumla yarışdırmaq… Qoxusunu küləyin daradığı saçlarıma qarışdırmaq… Bütün bunlar gözəl hisslərdi… Anlar çəksə də…
Əlimi çantanın qulpundan ayırıb bənövşəyə uzatmaq istərkən beynimdən ani olaraq cərəyan keçdi… “Çantada pul yoxdur”… Bənövşənin bir dəstəsi 20 qəpik idi… 20-cə qəpik… Və mənim çantamda bu da yox idi… 20-cə qəpik yox idi… Bayaq baxışlarımda nə görünürdü bilmirəm, ancaq indi dəqiq bildim ki, baxışlarımdan bənövşə həsrəti boylanır. 20 qəpiklik bənövşə dəstəsinin həsrəti… Utandım… Bilmirəm nədən… Nənənin üzünə belə baxmağa özümdə cəsarət tapmadım… Addımlarımı yeyinlədərək irəliyə doğru cumdum… Qarşıdakı mağazada tanış bir qız işləyirdi… Adı da maraqlı idi: Səadət… Üzümü ona tutdum:
-Səadət, gəl, ordan mənə bir dəstə bənövşə al… 20-cə qəpikdi… Axşam qəpiyini verəcəm…
-Salam…
Başını qaldırıb üzümə də baxmadı… Yadıma düşdü ki, həmişəki kimi salamsız başlamışam söhbəti… Yaxşı ki, üzümə vurmadı…
-Şəfa, mən sənə bənövşə almayacam… Gəl, bu mağazadan nə istəsən götür… Ancaq bənövşə almayacam… Heç pul da vermiyəcəm ki, alasan… O bənövşə sənə lazım deyil… Bilirsən onu kim kimə alır?
Qapıdan eşiyə boylandım… Nişanlı olduqları barmaqlarında parlayan üzüklərdən bilinən iki gənc nənəyə yaxınlaşdı… Qız bənövşə dəstəsini əlinə alıb acgözlüklə iylədi… Oğlan isə cibindən manatlıq çıxarıb nənənin gül boğçasının yanına qoydu… Gülümsəyərək uzaqlaşdılar… Səadətə tərəf döndüm…
-Hə… Sağol, canım… Axşam görüşərik… İşdən gec çıxsam gözləmə məni, get… Borcunu sabah da verərəm…
-Mən də almıram… Mənə də bənövşə lazım deyil…
-Sağol…Səadət… Almadın bənövşə mənə…
İşə gəldim…
Niyə gözəl olan nə varsa gül ömrü yaşayır? Mənim bənövşəli arzularım da gül ömrü yaşamışdı… Nənənin gül boğçasından qızın götürüb iyləyib apardığı gül ömrü qədər… Bir gün sonra atacağı gül ömrü qədər… Elçinin dediyi kimi… Gül ömrü qədər…
Şəfa Vəliyeva 10 aprel 2013