Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
GƏL
Yamanca qəddardı zaman da, vaxt da,
Yazılan tale də, verilən baxt da,
Könlümün sevdası qurulan taxtda,
Qəm xəbər tutmamış, oyanmamış gəl.
Sevgidən qırılan lələyim olma,
Bəxtimdən dönərgi taleyim olma,
Dilimi yandıran gileyim olma,
Ayrılıq yolumda dayanmamış gəl.
Nə xeyrim qalıbdı, nə də ki, şərim,
Şeş qoşa verməyib atılan zərim,
Əlinlə yazılan sevgi əsərim,
Həsrətin rənginə boyanmamış gəl.
Xəyalım dolaşıq, fikrimsə çaşqın,
Arzum gah sısqadır, gah da ki, daşqın,
Ümidim, gümanım olubdu qaçqın,
Hicran günlərini sayammamış gəl.
Elə ərköyünəm bu sevgidə mən,
Bəlkə sən olasan nazımı çəkən,
Yazıq Nəcibənin bağrını sökən,
Kədər ürəyini oyammamış gəl.