Qaranlıq, işıqlı yollardan keçmişəm,
Hər günü eşqimlə vurmuşam başa mən.
Bu yolu qəlbimin gözüylə seçmişəm,
Min gözəl arzuyla dolmuşam yaşa mən.
İnsana həmişə gərəkdir, gərəkdir,
Diləklər, diləklər.
Mahnıma bəzəkdir, şerimə ürəkdir –
Ürəklər, ürəklər.
Yadımdan çıxmayıb anamın laylası,
Atamın sindanı dindirən çəkici.
Döyülən dəmirlər, mahnımın mayası –
Şirağız ocağın qızaran kərpici.
Çətindi dövranı dəyişmək beş günə,
Gül, çiçək görmədi beşiyim, çarpayım.
Səadət naminə, azadlıq eşqinə
Güllələr altında çalındı laylayım.
Hələ də dillənir dünənki şəhidlər
Qəlbimdə alovu sönməyən ağrımda.
Əzizdən əziztək yaşayır igidlər,
Bağrımda, bağrımda.
Deyirəm sinəmdə yaralar görməyim,
Yollarda, yollarda.
Deyirəm bir daha qaralar görməyim
Qollarda, qollarda.
Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ…
Tarixə bu adla yazılıb şöhrətim.
Necə fəxr etməyim, həmişə üzüağ,
Məclislər başında əyləşir millətim.
Çox gözəl bilirəm, qəlbimdə bircə an
Bu odu sönməyən məhəbbət nədəndir!
Həyatım, varlığını, hər zaman, hər zaman –
Vətəndir, vətəndir, vətəndir, vətəndir!