Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Yandırdın canımı ay canı yanmış,
İnsafın, mürvətin yox imiş sənin,
Nə olar yaxın gəl, mehriban danış,
Naz-qəmzən nə qədər çox imiş sənin.
Nə qədər yalvarmaq, yaxarmaq olar,
Mən səni ürəyim, canım bilmişəm.
Səni görməyəndə gözlərim dolur,
Çox zaman gözümü gizli silmişəm.
Barı üzümdəki qəm, qüssəyə bax,
Barı gözümdəki niskili oxu,
Məni həsrətinlə az yandırıb yax,
Ah naləylə keçir günümün çoxu.
Bilirəm ürəkdən sevirsən məni,
Bilirəm bir az da qısqanclığın var.
Tanrı mənim üçün yaradıb səni,
Sənin əlindədi küllü, ixtiyar.
Bu ülvü sevgini döndərmə yasa,
Bir ömür nədir ki…ötürdük yazı.
De sənsiz neyləsin bəs Əziz Musa,
Bir insafın olsun ay zalım qızı.