Hünərindən nur verdin müqəddəs ocağına,
Vətəndə vətən oldun qovuşub torpağına,
Əbədilik yar oldun azadlıq çırağına,
Ləkələnmiş tarixə məzar qazdın, Şəhidim!

Qol açmışdı qəm-kədər vətən adlı yurduna,
Dar günündə can deyib yetişdin muradına,
Baş əydin varlığınla qələbənin adına,
Aslan təki düşmənin başın əzdin, Şəhidim!

Qanınla məlhəm oldun Şuşaya, Xocalıya,
Qartal tək qanad çaldın Cəbrayıl, Qubadlıya,
Zəfərinlə çevrildin yenilməz bir qalaya,
Qalibiyyət bağının gülün üzdün, Şəhidim!

Cəsarətə bürünüb, mərdliyini qorudun,
Ərənliyin, soy-kökün birliyini qorudun,
Sən kişilik adında ərliyini qorudun,
Gəncliyin badəsinə qeyrət süzdün, Şəhidim!

Bu vətən övladların səninlə öyünəcək,
Polad, Əlyar qeyrətdə neçə qəlb döyünəcək,
Hər gələn nəsillərdə yeriniz görünəcək,
Tarixə öz adınla “Zəfər” yazdın, Şəhidim!

12.11.2020.