“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Üzü sənə dayanmışam, İlahi…
Üzü sənə dayanmışam, İlahi,
Əllərini ver tutum…
Bu təklik də ürəyimdə
Adam kimi yer tutur.
Mən hər gecə yastığıma
Dağıtdığım
Fikrim, qayğım nə varsa
Gözlərimə toplayıram.
Baxışlarım çaparsa,
Tanrı duyar,
Tanrı alar məktubumu…
Yanağıma dalğa dəyir,
İçim dəniz.
Yıxılmışam, İlahi,
Elə bilmə
Mən dincimi alıram…
Ən uzaq, ən gözəl xatirələrdən
Sevincimi alıram.

Küsüb geri çəkilirəm
Bəxtim soyuq havalarda
Üstü-başı açıq qalır.
Nəyə ki, əl uzadıram
Çatmıram, yarımçıq qalır.
Bəs sən ki vardın yanımda?
Yurdam, qalardın yanımda.
Verdiyin dərdin yanında
Sevincim alaçıq qalır.
İndi sən göy, mənsə yerəm,
Susub geri çəkilirəm.
Küsüb geri çəkilirəm,
Mənə də bu acıq qalır.