Yardımlı
Anam çalan layladır,
nənəm dediyi ağı,
ömrümdə qırmızı xətt,
dilimdə şirin nağıl.
İnci-inci, damla-damla
hopub, qalıb yadımda,
ruhumda bir Yardımlı var,
duyulur hər addımda.
Xatirəsi
xatirimdə çox diridir, çox əziz,
alıb məni o illərə aparır hər cığır, iz.
Ayağımın yeri durur
çınqılında, daşında,
o dumanlıq nəfəsimdir
dağlarının başında,
harda olursam olum,
yuxumdan heç yığışmaz,
mənimçün bir dünyadır,
dünyalara sığışmaz.
Qaytar bu ümidi
Sən necə anlaya bilərsən məni,
Mən özüm-özümü bilə bilmirəm.
Fikrimlə şum vurub, çeşin atıram,
Sökürəm sinəmi niyə, bilmirəm.
Yaşamaq dediyin hal mənlik deyil,
Qaytar bu ümidi, al, mənlik deyil,
Sükut mənlik deyil, qal mənlik deyil,
Niyə gəldim belə Yerə, bilmirəm.
İlləri yellərə verməkdir işim,
Yorub
yollarımı
yorğun yerişim,
Hansı dağa çıxım, dərəni aşım,
Verim belə ömrü selə, bilmirəm.