Güvən divanında yarğılanan adam.
Sən mənim sevdiyim deyildin-
güvəndiyim idin.
Məlhəm sanmışdım səni
könlümün boşluğuna:
çıxıb gedər ayağının yeri qalar deyə,
orada
qorunub saxlanan uşağı qocaldar deyə,
heç kəsi yaxın buraxmadığım
o qutsallığa.
…Mən sevgi dolu,
sevgi həsrətli,
nə o dolu sevgimi haqq edən,
nə də
həsrətimi dindirəcək biri oldu.
Mən dünyanı sevən,
sevgisi ilə dünyanı ram edəcəyini sanan,
çox zaman boşluğa düşsə də,
acılarını bağrına basıb
yaxşıya yozan biriyəm.
Boz çalarda tapdığı rəngləri
həyatına sırıyan,
Yaşamadığı sevgidən
dolu-dolu şeirlər yazan biriyəm.
Sən mənim sevdiyim deyildin-
güvəndiyim idin,
güvən divanında yarğılanan adam.
Darıxanın olsun təki
Darıxanın olsun təki,
darıxsın kimsə səninçün,
qucaqlasın xəyalını,
əzizləsin əziz-əziz,
arzulasın için-için.
Fəth etdiyin bir könüldə
baş köşədə yerin olsun,
unutdursun keçənləri,
bələsin eşqə, sevincə,
həsrətinə qənim olsun.
Bircə baxışla anlasın,
ilmə-ilmə çözsün səni,
yarıb-yarğılasın hərdən,
yarğılamaq istəkdəndir
qoy elə lap üzsün səni.
Bölünməyən o istəyə
əsib pəsiban olasan.
İki günlük bu dünyada
faniliyin acığına
hər günündən kam alasan.