Bəzən… Bir də… Yaxşı ki…
Yaxşı ki, ümidlə açılır səhər,
Günəş də qüruba ümidlə enir.
Yaxşı ki, gecədən udduğum zəhər,
Səhər açılmamış şərbətə dönür.
Yaxşı ki, beşiyim ürəkdi yenə,
Şeirlə kiriyir ağlayan zaman.
Yaxşı ki, güc verir ağrılar mənə,
Pislərin əlindən aman, dad-aman.
Yaxşı ki, ərk ilə çəkilir adım,
Yaxşı ki, saf oldu girdiyim qucaq.
Yaxşı ki, hay-küyə düşən olmadım,
Yaxşı ki, sevgiyə baş əydim ancaq.
Ümidlər hələ də itmiş deyil ki…
Hamı xoş xəyallar qursa, nə yaxşı…
Yer üzü tükənmiş, bitmiş deyil ki,
Yaxşılar hələ də varsa, nə yaxşı…
- * * *
Bir də açılsın bir sabah,
Bir də bir dar axşam olsun.
Bir də dilimdə təzə ah,
Bir də qəlbimdə qəm olsun.
Bir də oyadım gecəni,
Bir də yuxumu danışım.
Bir də dolanım küçəni,
Bir də gedənlə barışım.
Bir də aldanım kölgəyə,
Bir də qəlbimi dinləyim.
Bir də dolanım ilgəyə,
Bir də kəndirdə inləyim.
Bir də darıxım səsinə,
Bir də qınayım özümü.
Bir də əyilim dizinə,
Bir də siləsən gözümü.
Bir də mən açmamış solum,
Bir də sən gül ək təzədən.
Bir də mən “evyıxan” olum,
Bir də sən ev tik təzədən.