Nə var ölçülüb, biçilib,
Ha çevir, sözündən keçir.
Dünya kiçilib, kiçilib,
İynənin gözündən keçir.
Keçir bir az dostdan, yaddan,
Keçir hər imzadan, addan,
Taxıb yalançı qanaddan,
Göylərin üzündən keçir.
Yerdə nə var qalan sənin,
Gəz, tin sənin, dalan sənin.
Dolanıb, hər yalan sənin
Sonuncu düzündən keçir.
Bilinmir, hansı dindədir,
Baxırsan ki, nə gündədir.
Səndən bir addım öndədir,
Səninçün izindən keçir.
Keçib, bax, hər addan keçib,
Qasırğadan, oddan keçib,
Qılıncının altdan keçib,
Bu dəfəə… Özündən keçir.
Şəhid Həsənov Xəyala həsr olunur
Söndü bir can, yerində alovlandı min ocaq,
Milyonların arzusu, duası gerçək oldu.
Bu dəfə əmin idi zəfər onun olacaq,
Cənnətdə şərəfinə uca bir taxt quruldu.
Öz döyüşçü oğlundan el-oba aldı soraq,
Dedilər, bayrağının şərəfinə and içmiş.
Adı Xəyal olsa da, özü şəhid olaraq,
Torpağın yarasına məlhəm olmağı seçmiş.
Dedilər, heç qorxmadan canını sipər edib,
Torpağına, daşına dəyən acı gülləyə.
Düşmənin üzərinə hamıdan öncə gedib,
Neçə şər yuvasının külün sovurub göyə.