Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Mən belə dəliyəm,məni görmə,get!
Xoşuna gələsi axı nəyim var?
Sevda ətri verən,şeir qoxuyan
Nəfəsi yanıqlı qırıq neyim var…
Bir eşqin yarası sinəmdə göz-göz,
Hər gün həsrət-həsrət çiçəkləyərəm.
İçimdə bir bahar buludu ağlar,
Misra-misra,bənd-bənd çisəkləyərəm.
Nə xoşdu özümə verdiyim cəza,
Əzabım -qönçədi,ağrım- tumurcuq.
Mİn ildi özündə azan dərvişəm,
Ürəyi-xaraba,koması-uçuq.
Məni sözə tutma,sözə uyaram,
Qəfil kövrələrəm…sonra gec olar.
Qapısı gül açar kimsəsiz evin,
Bu yurdan o yurda köçhaköç olar.
Səni aldatmasın bu yaz havası,
Tələsmə dumandan,çəndən keçməyə.
İlişib qalarsan sol tərəfimdə,
Yol tapa bilməzsən məndən keçməyə…
Mən dünəndən gəlirəm,yolum yaman uzaqdı,
Bir ömür xərcləmişəm solmayan bir söz üçün.
Ağrıları gül açan bir xaraba şəhərəm,
Öz külümdə ölərəm,əl açmaram köz üçün.
Öz barımdan çatmadı özümə bircə dənə,
Insaf elə,gəl qırma barı budaqlarımı.
Axtarıb xəzəl altdan ətirli bir misra tap,
Isladıb göz yaşımda sarı budaqlarımı.
Yaman olur,bilirəm,hər gedişin əzabı,
Qorxmaz tərk edilməyin açısını dadanlar.
Qapını açıq qoyub,gözlərimi yummuşam,
Rahatca çıxıb getsin,getməyə utananlar…
Yoxdu güley-güzarım,nə də bir umu-küsü…
Əlimi uzatmaram heç vaxt saman çöpünə.
Qətrə-qətrə əriyib şam kimi tükənərəm,
Ancaq darı sərmərəm bir kimsənin ipinə.
Qışqırıb öz səssində gör nə qədər batan var,
Göz yaşları axıtmaz dəniz boğulanlara.
Bircə qığılcım yetər təzədən alışmağa,
Ölüm yox əzabından bir də doğulanlara.