YAXINDI…
Aramaqdan taleyimin açarın,
yazıq canım,min-bir odda yaxıldı,
üzü güldü “qara günlü” saçların,
indi “ağı”-“qarasınnan” yaxındı.
Yar qəlbimin kaş biləydi qədrini,
qırmayaydı,üzməyəydi səbrini,
elə çəkdim,elə aldım dərdini-
ürəyimin yarasınnan yxındı!
Söylə,gülüm,istəyini bilim mən,
gözlərini gözlərimlə silim mən,
məsafəmiz gen olsa da ölümnən,
qaşla-gözün arasınnan yaxındı!
İstəyirdim həyatımın gerçəyin
ürəyinə pıçıldayım çiçəyin,
bir də gördüm,qulağına ləçəyin
dodaqlarım–sırğasınnan yaxındı.
Daraq olam–yar daraya,tel açam,
danışmağa izin verə–dil açam,
yaxın qoya–düymə tutub,gül açam,
düymə–yarın yaxasına yaxındı!
Köhlənində dəliqanlı çağların,
çox dadmşam meyvəsini bağların,
Vahıd ƏZIZ,uzaq üfüq–dağların,
görünməyən arxasınnan yaxındı…
YARAŞSIN…
Paxıllıq eyləsəm gözüm kor olsun–
yar sevən yarına qoşa yaraşsın,
gül-çiçək olmasın,lap mamıp olsun-
o da göyərdiyi daşa yaraşsın.
İtirməz dadını sevginin ilki,
bəlkə bilən olub-“tutub kiminki?”,
papaq da alanda eləsin al ki,
ağıla yaraşsın,başa yaraşsın.
Binəsi saf olan Sayay dağılmaz,
bir yerə tayfalı millət yığılmaz,
adam var-quş qədər zəkalı olmaz;
yuva da gərəkdir quşa yaraşsın.
Altun-Günəşdənmi?–dəyişməz rəngi,
həm sabax beləydi,həm də dünənki,
Xəlq edən dünyanı elə qurub ki–
“Həm dolu,həm də ki boşa yaraşsın”.
Mən də bu dünyada mehəm bir əsim,
hərdən heç bilmərəm hayana əsim?
göylər,buludların insaf eləsin-
dağların zərvəsi qışa yaraşsın.
Yolunda o qədər candan keçilib,
ümidlər kül olub,andlar içilib,
oğul,əynimizə elə biçilib,
çətin ki,özgəyə Şuşa yaraşsın!