Bəs sən necə sevirsən?

Sən məni
mən səni sevən kimi yox
başqa cür sevdin…
Amma sevdin, bilirəm…

Elə ki yadıma düşürsən
dərdlərimi unuduram
harasa tələsəndə
açarı, telefonu evdə unutduğum kimi…

Adamlar gəzir şəhərdə
tək-tək, iki-iki, üç-üç, bir az da çox…
Təklər bu zaman tənha olur
sanki kimsəsiz olur…
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və daha çoxların arasında
gözlərim gəzir səni
Yerə dağılan mirvari boyunbağının dənələrini
gəzən kimi…
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?

Qağayılar gölə gəlməz
dənizə gəlməz ördəklər…
Hərənin öz vətəni var
mənim vətənim sənin gözlərindi
özümü axtardığım,
özümü gəzdiyim gözlərin
baxıb, baxıb özümdən bezdiyim gözlərin
hər yerdə səni görmək istəyirəm
qoy qərib desinlər, didərgin desinlər, eybi yox…
Mən səni belə sevirəm
bəs sən necə sevirsən?

Səhv hədiyyə deyil

Yoruldum
etiraflarını eşitməkdən
yoruldum səhvlərini
bağışlamaqdan
unutma –
səhv
hədiyyə deyil ki
kimə istəsən
bağışlayasan…