Gecənin sükutu

Artıq günəş batır, geyir əyninə
Gecələr qapqara, zülmət bir donu.
Bərq vurur göylərdə ulduzlar yenə
Görünmür səmada onların sonu.

Ay da yuvarlanır göyün üzündə,
Gecənin donunu nura boyayır.
Böcəklər oxuyur bu dəm gizlində,
Səsini yaxına, uzağa yayır.

Gecənin səsinə qarışır o səs,
Hər yana həzin bir sükut bəxş edir.
“Gecələr lal olur” deməsin heç kəs,
Gecənin sükutu elə nəğmədir.

Saman çöpü

Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.

Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.

Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.