QANADLAR AYRILIQ TƏBİLİ ÇALIR…
Qanadlar ayrılıq təbili çalır,
bu köç heyran edir Vahid ƏZİZi,
bahardan-bahara yadına salır,
payızdan-payıza unudur bizi.
Qanadlar ayrılıq təbili çalır,
çırpınır evləriin pəncərəsində,
harayı çəkilir,izləri qalır
təbil səmaların göy dərisində.
Qanadlar ayrılıq təbili çalır,
uzun bir hicrana baş alıb gedir,
dünyanın bir yeri durnasız qalır,
bir yeri insandan boşalıb gedir..
Gözümü üşüdür soyuq bir baxış,
nəzərlər yayınıb hara dikilir?
kirpikdən damanlar yalançı yağış,
görünür soyuqluq ürəkdən gəlir!
Mən də durna kimi qismətdən kəməm,
sevgi qırmasaydı–dikələcəkdim!
Əzəllər lap sonda yazardım-kiməm,
ilk dəfə siftədən adımı çəkdim.
Qanadlar ayrılıq təbili çaldı,
amma,bu haraya qaçan olmadı,
məndən nəğmələrim xatirə qaldı,
özümə qarılar açan olmadı…
o7.12.2018.
BİTDİ SON SİNİFİN SONUNCU DƏRSİ..
.
Bitdi son sinifin sonuncu dərsi,
durnalar köçünü yığıb- çəkilir,
Ay da,ulduzlar da…hərdən birisi
enib, pəncərəmə baxıb-çəkilir.
Deyərdin: “Bir olaq gözlə-qaş kimi,
eşqin çeşməsində suyla-daş kimi…”
gümanlar payızda kor yağış kimi
yanağım enişə axıb-çəkilir.
Ümid; məndəmidir,ya səndə qalıb,
bəlkə bir nigaran küsəndə qalıb??
elə bil əllərin sinəmdə qalıb,
hərdən ürəyimi sıxıb-çəkilir.
Ləçəklər güllərə bələk kimidir,
hər çiçək bir təzə dilək kimidir,
deyəsən–sevgi də Fələk kimidir;
gəlib evimizi yıxıb çəkilir…