This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

DEMƏK NƏ ÇƏTİNMİŞ
DEYİLMƏZ SÖZÜ

Gör neçə vaxtdır ki, hazırlıq gedir,
Atamın yanına hazırlaşıram.
Yalançı dünyadan doğru dünyaya
Dədələr, babalar getdiyi yolun
Əsl ünvanına hazırlaşıram.

Bu çətin xəbəri gör nə zamandı,
Doğma qardaşımdan, doğma bacımdan,
Oğlumdan, qızımdan gizli saxladım.
Mənə sazdan yaxın dünyada nə var,
Ağrımı sazımdan gizli saxladım.

Demək nə çətinmiş deyilməz sözü,
Oğluma açılsam qəlbi sınacaq,
Qızıma söyləsəm qız ağlayacaq.
Oğuldu, uşaqdı, qızdı, gəlindi,
Biri bir balaca çox ağlayacaq,
Biri o birindən az ağlayacaq.

Bilmir uşaqların anası, bilmir,
Bilsə gecə-gündüz qan ağlayacaq.
Gündüz ağı deyib, bayatı çəkib,
Axşam ağlayacaq, dan ağlayacaq.

Bilmir, Zəlimxanın anası bilmir,
Bilsə dağ uçacaq, daş ağlayacaq.
Göydən ildırımlar necə tökülür,
Gözlərdə eləcə yaş ağlayacaq.
2009