Yenə öz işində sınan havalar,
nazik vücudluyam-tufan nə bilsin?
kimdir gözləyənim,yollarda nə var,
ümman buxarıdı–duman nə bilsin?

Yaxşı ki,çeşmələr sel kimi axmaz,
dəryalar sahildən qırağa çıxmaz,
bir də bu dünyaya baxar,ya baxmaz-
yastıqda gözünü yuman nə bilsin?

Ümmanda gəmilər batar nə üçün?
dünyada qırğınlar artar nə üçün,
hər kəs bir tərəfə dartar nə üçün,
lütün üstündəki yorğan nə bilsin?

Hər şeydən xəbərdar yalnız Yaradan!
insan-unudulan,torpaq-unudan!
kim-kimin çiynində köçər dünyadan,
yoxsulla var-dövlət yığan; nə bilsin?

Baxan altdan-altdan satar qoruğu,
alar “öz qoduğu”,ya özgə oğru,
bezdım suallardan,ay bacıoğlu!
hökümət deyil ki,”Qağan” nə bilsin?

Şükür ki,Gün hələ göydə dayanar,
gecəyə göz yuman səhər oyanar,
harda çaylar daşıb,haralar yanar,
ələnib göylərdən yağan nə bilsin?

Yetər,Vahid ƏZİZ,olma inadlı,
azmı kəmsavada möhtac savadlı?
“Femida”-qulağı,gözləri bağlı,
kar duyub,kor olub baxan nə bilsin?…