SƏADƏT ASƏF
TANRIM…
- * * * *
Hər gün insanları tanıdıqca,
Yalnızlaşıram Tanrım.
Əlbəyaxa döyüşür varlığımla hisslərim.
Özümə qapanıqdı,zehni düşüncələrim…
Qəlbimdə yuva quran saflıq ilə vuruşur,
Tanrım, deyə hönkürür,ruhu ilə qovuşur.
Ölüm ucalıqdımı göy üzünə yüksələn,
Torpaqda izi qalıb,göy otlardan göyərən.
Cismim qeyrü-qaldımı,
İnsanlıq məhvərində,
Olumum nərdivanmı-?
Şeytanlar şəhvətində.
Hisslərim mələk üzlü Tanrının dərgahında,
Ürəklərmi yadlaşır yerin qanadların da.
Sevgi,sevgi bağıran iblislər yola çıxır,
Duyğuları sümürür,ayrılıqlar tıncıxır.
İnsanlıq itib gedir,bəxtin çat zolağında,
Bəxtin kəmi oyulur kədərin qucağında.
Tanrım, yaman yorulub,yamanca darıxıram,
Bu iblisli dünyanın qurşağında çaşıram.
Karıxıram hərdən bir, açılmır sənə əlim,
Talenin sınağından susqunlaşır dillərim.
Məni özümdən alma,
Tanrım, sənsiz bir heçəm,
Özümdən adlayanam,
Ürfanına keçidəm.
Tanrım, bağışla məni,ilahi hisslərinə,
Məni məndən ayırma…
Lütfü,mərhəmətinə.
Səadət Asəf /Bakı
17.04.2018.