İndi əminliklə deyə bilərəm
Mənim də tarixdə sözüm olacaq.
Nigaran köçmərəm mən bu dünyadan
Ocağım yanacaq közüm olacaq.
Boğduq zülmətləri və söküldü dan
Bihudə getmədi tökdüyümüz qan.
Öz övladlarıma doğma Şuşadan
Nəsə danışmağa üzüm olacaq.
Xocalı dil açıb dillənib daha
Xocavənd, Ağdərə güllənib daha.
Düşmən açıq aydın öyrənib daha
Xankəndi bizimdir, bizim olacaq.
Düşmənlə dolubsa sağ ilə solun
Haqdan gəlib haqqa getməksə yolun,
Məcburam meydanda burulmaz qolum
Yerlərə gəlməyən dizim olacaq.
Necə mətin durdum sınaq önündə
Oxuyar nəsillər günün birində.
Babamın getdiyi ləpir yerində
Mənim də cığırım, izim olacaq.
Namik Xınalıqlı