Yaxın Şərq ölkəsiyəm…
Yurd yuvası talanmış yaxın şərq ölkəsiyəm,
Sərhədlərə sığmayan bir dərdin kölgəsiyəm.
Bilməm ,kimin “kaşki”si, kimlərin “bəlkəsi”yəm
Kimlərin dünəniyəm, kimin sabahıyam mən..
Gözlərimdən sürüşüb, ovcuma tökülürəm,
Açılmayan boğça tək içimdə bükülürəm
Gecələr edam olub, çarmıxa çəkilirəm,
Kiminsə duasıyam, kiminsə “ahı”yam mən.
Bilməm, harda itirdim o vicdanı qalnımı?!
Bilməm,harda unutdum o ürəyi yalnımı?!
Yoxluğunu “büt” edib, söykəmişəm alnımı,
Bütün günahsızların ortaq günahıyam mən.
Sənsiz bu boş şəhərdə, bu çatısız evdəyəm.
Tərk edilmiş kilsəyəm, güllələnmiş kəbəyəm,
“İncil”də ki, yasağam, “Tövrat”dakı tövbəyəm
Nə deyim ,bu həsrətin, dərdin Allahıyam,mən.
Ceyhunə Mehman 01.05.2019