Gürcüstandakı “İverion” nəşriyyatı şair Rəşad Məcidin şeirlər toplusunu nəşr etdirib. “Tbilisi yağışı” adlanan bu kitabdakı mətnləri gürcü dilinə yazıçı və tərcüməçi İmir Məmmədli çevirib.
Nəşriyyatın bu barədə yaydığı məlumatda qeyd olunur ki, ilk səhifələrindən maraq doğuran “Tbilisi yağışı” kitabı birnəfəsə oxunur, əminik ki, oxucu da onu sevinclə qarşılayacaq. Tərcüməçi İ.Məmmədlinin R.Məcid və onun bu kitabı haqqında fikirlərini əks etdirən ön söz də gürcü oxucuların diqqətinə çatdırılıb: “Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – şair, nasir və publisist Rəşad Məcid çoxlu kitab müəllifidir. Onun şeirləri və hekayələri dünyanın bir çox dilinə tərcümə edilib. Bu əsərlərdə əsas cəhət yeni deyim tərzi və müasir aləmin nəbzinə uyğun intonasiyadır.
Düşünürəm ki, yazarın haqqında olan bu kiçik həcmli mətndə onu da qeyd etməliyik ki, 90-cı illərdə, yəni ümumi çətinlik fonunda ədəbiyyat da öz ağır günlərini yaşadığı bir dövrdə Rəşad Məcid Azərbaycanda ədəbi həyatı canlandıran, özü də geniş oxucu auditoriyasında əsl populyarlıq qazanan “525-ci qəzet”i təsis etdi. Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, “525-ci qəzet” həmin şöhrətini bu günə qədər quruyub saxlaya bilib.
Bir dəfə özəl bir söhbətdə Rəşad müəllimdən soruşdum: qəzetinizin niyə belə qəribə adı var? O, mənim sualımın cavabında dedi: “Həmin dövrdə ölkədə qəzet bumu var idi, onların sayı yağışdan sonrakı göbələklər kimi hər gen artırdı. Bu gün o qəzetlərdən media meydanında cəmi bir neçəsi qalıb… Onda qeydiyyatdan keçəndə məlum oldu ki, bizim qəzetimiz sayca 525-ci qəzetdir. Mən də çox çək-çevir etmədən elə oradaca qəzetin adını “525-ci qəzet” qoydum.
Bu yerdə onu da xüsusi vurğu ilə qeyd etməliyik ki, şəxsiyyətinə xas olan bu cür aydınlıq və sadəlik yuxarıda dediyimiz ədəbi xüsusiyyətlərlə yanaşı, yazarın bədii yaradıcılığına da xasdır. Bu da onun əsərlərinin yuxarıda dediyimiz xüsusiyyətlərinə yeni çalar, oxucunu ilk baxışdaca özünə cəlb edən bir cəhət əlavə edir”.
Mənbə: https://525.az/