У природы нет плохой погоды,
каждая погода благодать…
“Служебный роман”
filmində olan mahnıdan

Baxma ki,heç nəyi yetişmir ələ;
əkirik,biçirik…hava batırır,
dünyanın ən bərbad havası belıə-
havasız məzardan min yol yaxşıdır,

Hava hökümdardı–göyün də rəngi
tutulub-açılır vaxt havasıynan,
mənimçün ən ağır hava odur ki,
içdəki uyuşmur bayırdakıynan,

Hərdən yayınmaqçün qarğaşalardan
başımı şəhərdən alıb gedirəm,
nə doğma,nə tanış,nə özgə olan
yerlərdə özümnən söhbət edirəm,

Çəmənlər bezmişdi leysan əlindən,
yağmurlar selləmə yuyub-keçdilər,
Gün çıxıb havanı dəyişdi həmən,
həmən də çəməni gəlib biçdilər!

Dünya yola verir uzanan qışı,
çillələr havanı gəlib düzəldir,
mənimçün payızın qəmli baxışı
yayın odlusundan daha gözəldir,

Nə isə…dünyada gözəldir hər şey-
istili,soyuqlu,qaralı,ağlı,
bir şeyi bilirəm–havadan giley
insan qəlbindəki havaya bağlı,

Adamlar,hər cürə havanı sevin,
yetər ki,tufandan uçmasın yuvan,
məndən soruşmayln-“Nə cürdür kefin?”,
soruşun-“Necədir içində havan?…”