Gözəli odur ki, varsan Vətəndə,
ən azı–yaxında sevən bir ürək,
təqsirin yoxdursa–küsüb gedən də,
hirsi soyuyanda dönüb gələcək,
Doğma obalarla verin əl-ələ,
ellərdə sayılar nəslin,kimliyin,
Qürbətdə səyyahtək olanda belə,
dəryadan atılmış balıq kimiydim,
Atılsın qəlblərdən qəzəbli kinlər,
qınağa partlama mərmilər kimi,
ana da övladdan inciyə bilər,
özgə də öyrədər həyat dərsini,
Sözüm çətinliklər görməyənlərə:
“”Həyatdı,nə cürə desən çağ olar,
Yurda küfr etməyin “qıtlığa” görə,
bu gün”qara”çörək sabah”ağ”olar””!
Hayıf,görməmişlər artır ilbəil,
bu qədər var-dövlət yığmaq olarmı?
şan-şöhrət dalınca sürünən cahil,
özünə O,səni yaraşdırarmı?
Alovdan incimə sönərsə ocaq,
qəlbimdə ümiddən köz gəzdırmişəm,
kimisə günahkar bilənnən qabaq,
özüm-öz içimdə göz gəzdirmişəm,
Haçansa açılar hər düşən düyün,
ən azı-özündən heç nə gizləmə,
ömrünü bəxtəvər yaşamaq üçün,
Ulu Yaradandan çox şey istəmə…